Aqil Nəbiyev: Tovuzda oynamaq mənim üçün daha rahatdır
26.11.2010 - 14:33
Aqil Nəbiyev: Tovuzda oynamaq mənim üçün daha rahatdır
“Əslində, Tovuzda oynamaq mənim üçün daha rahatdır. Çünki hamını yaxşı tanıyıram”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının AZAL klubunun müdafiəçisi Aqil Nəbiyev deyib.

Paytaxt təmsilçisi həftəsonu keçiriləcək Unibank Premyer Liqasının XV turunda
“Turan”ın qonağı olacaq. Futbolda ilk addımlarını Tovuzda atan və “Turan”ın formasını geyinən Nəbiyev bu dəfə meydana rəqib qismində çıxacaq: “Meydanda dost, qardaş olmur. Bizə 3 xal lazımdır. Çalışacağıq ki, paytaxta qələbə ilə dönək”.

Adətən azarkeşlər bir vaxtlar öz klublarının uğuru üçün tər tökən futbolçunun sonradan rəqib qismində sabiq komandasına qarşı forma geyinməsini anlayışla qarşılamırlar. Lakin Nəbiyev futbolçunun belə şeylərə reaksiya verməməli olduğunu düşünür: “Bu cür hallar normaldır. Azarkeşlərin işinə qarışmaq olmaz. Bu tək bizdə yox, bütün dünyada belədir. Futbolçunun fikri meydanda olmalıdır. Azarkeşin nə deməsinə, necə hərəkət etməsinə qarışmamalıdır”.