Nazim Süleymanov yubileyi haqda nə fikirləşir?
26.11.2010 - 16:16
Nazim Süleymanov yubileyi haqda nə fikirləşir?
Bakının AZAL klubunun baş məşqçisi Nazim Süleymanov bu il növbəti yubileyini uğurla qeyd etmək istəyir. Fevralda 45 yaşı tamam olan mütəxəssis apasport.az saytına açıqlamasında Unibank Premyer Liqasının növbəti turunda “Turan”la səfər oyununa qələbə üçün yollanacaqlarını bildirib.

Süleymanov Tovuzdakı görüşdə çempionatımızda baş məşqçi kimi yubiley - 50-ci oyununu keçirəcək. AZAL-a qədər klublarımızdan “Xəzər Lənkəran” və “Bakı”da çalışan məşqçi hər bir rəqiblə görüşə ciddi hazırlaşmağı vacib sayır. O, güclü rəqib üzərində qələbədən sonra autsayderlə oyunda arxayınlaşmağa əsas görmür: “Ötən turda “Qarabağ” üzərində 2:0 hesabı ilə qələbədən sonra arxayınçılıq yoxdur. Arxayınlaşsaq, özümüzə zərbə gələ bilər. Bütün rəqiblərə hörmətlə yanaşırıq. “Turan” bütün milli çempionatlarımızın iştirakçısıdır. Üstəlik, evdə inamlı təsir bağışlayır. Tovuzdakı meydançanın qazonunu da nəzərə almaq lazımdır. Futbolda möcüzələr az olmur. Elə etmək lazımdır ki, bunun acısını çəkməyək. Bu, MOİK-lə oyunda başımıza gəldi və 1:1 hesablı bərabərliklə vacib 2 xal itirdik”.

Qeyd edək ki, Süleymanov milli çempionatımızda məhz “Turan”la səfər oyununda debüt edib. Fərq ondadır ki, həmin vaxt – 2004-cü ilin avqustun 7-də “Xəzər Lənkəran”ı çalışdıran mütəxəssis komandanı Qazaxda meydana çıxararaq, 1:1 hesablı bərabərliyə qalmışdı.

Mehman SÜLEYMANOV