“Qarabağ”&“Neftçi”: Eyni balans - STATİSTİKA
26.11.2010 - 17:20
“Qarabağ”&“Neftçi”: Eyni balans - STATİSTİKA
Bazar günü Premyer Liqasının XV turunda rəqib olacaq “Qarabağ və “Neftçi” milli çempionatlarımız tarixində yubiley görüşünə çıxacaqlar. Apasport.az saytının hesablamalarına görə, bütün milli çempionatlarımızın iştirakçıları olan komandalar 40-cı dəfə üz-üzə gələcəklər.

Tarixi derbi daha çox sülhlə nəticələnib. Təsadüfi deyil ki, 39 oyundan 19-da qalibi müəyyənləşdirmək mümkün olmayıb. Qalan 20 oyunda isə balans eynidir. Yəni komandalar hərəyə 10 dəfə qələbəni bayram edib. Sadəcə, topların fərqində “Neftçi” üstünlüyə malikdir – 38:32.

Hələ SSRİ çempionatının iştirakçısı olan bu klubların müstəqillik vaxtında görüşləri müxtəlif stadionlarda baş tutub. 1993-cü il iyulunda Ağdamın işğalından sonra ev oyunlarını müxtəlif məkanda keçirən “Qarabağ” daha çox Sumqayıt və Bakıya üstünlük verib. Hətta ağdamlılar 2004-cü martın 13-də “Neftçi”ni elə Respublika stadionunda qəbul edib. Mövsümün sonuna yaxın keçirilən həmin oyun çempionluq uğrunda vacib görüş idi və azarkeşlərin böyük marağı nəzərə alan “Qarabağ” rəhbərliyi matçı Respublika stadionuna saldı. Təsadüfi deyil ki, arenaya 15 min tamaşaçı toplaşmışdı və bu, çempionatımızın rekordunun təkrarı idi. Yəni, 2001-ci ilin mayında “Neftçi” ilə “Şəmkir”in Sumqayıtda keçirilən “Qızıl oyun”una da bu qədər azarkeş gəlmişdi. “Qarabağ” “Qarabağ-Azərsun” adlanan həmin yeganə mövsümdə rəqibinə hər iki oyunda iki top fərqi ilə yenildi – 0:2, 1:3.

“Qarabağ” 2009-cu ilin mayında Ağdama qayıtdı və həmin vaxtdan cari mövsümə qədər rəqiblərini Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksinin stadionunda qəbul edirdi. Ancaq oradakı arenada yenidənqurma işləri getdiyindən, ağdamlılar cari mövsümdən ev oyunlarını Respublika stadionunda, yəni “Neftçi”nin meydanında keçirir. Bununla da, “Qarabağ” “ağ-qaralar”la ev oyununu 760 gündən sonra paytaxtda keçirəcək. Bu, sonuncu dəfə 2008-ci ilin noyabrın 8-də Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda olmuşdu. Özü də 1:1 hesabı ilə nəticələnən həmin görüş Qurban Qurbanovun “Qarabağ”ın baş məşqçisi kimi uzun illər oynadığı, futbolçu karyerasının ən böyük uğurlarını qazandığı, nəhayət məşqçi kimi debüt etdiyi “Neftçi”yə qarşı ilk oyunu idi. “Ağ-qaralar” Quzanlıdakı hər iki matçda uduzduğundan, ora səfəri uğursuz olub.

“Qarabağ”la “Neftçi”nin Azərbaycan milli çempionatında görüşləri

1992-ci il
“Neftçi” – “Qarabağ” – 1:1
“Qarabağ” – “Neftçi” – 2:1

1993/94 mövsümü
“Qarabağ” – “Neftçi” – 1:0
“Neftçi” – “Qarabağ” – 1:1

1994/95 mövsümü
“Neftçi” – “Qarabağ” – 3:2
“Qarabağ” – “Neftçi” – 0:0

1995/96 mövsümü
“Qarabağ” – “Neftçi” – 1:1
“Neftçi” – “Qarabağ” – 2:2

Final mərhələsi
“Neftçi” – “Qarabağ” – 2:2
“Qarabağ” – “Neftçi” – 1:2

1996/97 mövsümü
“Neftçi” – “Qarabağ” – 0:0
“Qarabağ” – “Neftçi” – 2:1

1997/98 mövsümü
“Qarabağ” – “Neftçi” – 1:0
“Neftçi” – “Qarabağ” – 1:1

1998/99 mövsümü
“Qarabağ” – “Neftçi” – 1:0
“Neftçi” – “Qarabağ” – 1:1

“Altılıq” mərhələsi
“Qarabağ” – “Neftçi” – 1:0
“Neftçi” – “Qarabağ” – 0:0

1999/00 mövsümü
“Neftçi” – “Qarabağ” – 2:0
“Qarabağ” – “Neftçi” – 1:1

2000/01 mövsümü
“Qarabağ” – “Neftçi” – 0:4
“Neftçi” – “Qarabağ” – 3:0 (texniki qələbə)

2003/04 mövsümü
“Neftçi” – “Qarabağ-Azərsun” – 2:0
“Qarabağ-Azərsun” – “Neftçi” – 1:3

2004/05 mövsümü
“Neftçi” – “Qarabağ” – 1:0
“Qarabağ” – “Neftçi” – 2:1

2005/06 mövsümü
“Qarabağ” – “Neftçi” – 2:2
“Neftçi” – “Qarabağ” – 2:0

2006/07 mövsümü
“Neftçi” – “Qarabağ” – 0:0
“Qarabağ” – “Neftçi” – 0:2

2007/08 mövsümü
“Neftçi” – “Qarabağ” – 0:0
“Qarabağ” – “Neftçi” – 0:0

2008/09 mövsümü
“Qarabağ” – “Neftçi” – 1:1
“Neftçi” – “Qarabağ” – 0:1

2009/10 mövsümü
“Qarabağ” – “Neftçi” – 1:0
“Neftçi” – “Qarabağ” – 0:0

“Altılıq” mərhələsi
“Qarabağ” – “Neftçi” – 2:0
“Neftçi” – “Qarabağ” – 0:0

2010/11 mövsümü
“Neftçi” – “Qarabağ” – 1:1

Qeyd: komandalar 1993-cü ildəki mövsümdə görüşməyib

Mehman SÜLEYMANOV