“Neftçi” - Avropada ən yaxşı Azərbaycan klubu!
26.11.2010 - 18:00
“Neftçi” - Avropada ən yaxşı Azərbaycan klubu!
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrin ilk 10 ilinin ən yaxşı klublarının reytinqini hesablayıb. Apasport.az saytının məlumatına görə, qurum hesablanan dövrün sonuna 3 ay qalmış Avropa qitəsindəki durumu açıqlayıb.

“Köhnə qitə”nin ən güclüsü İspaniyanın “Barselona” klubudur – 2459 xal. İngiltərə təmsilçilərindən “Mançester Yunayted” ikinci, “Liverpul” isə 3-cü yerdədir – müvafiq olaraq 2436 və 2362 xal.

İlk “onluq”da İngiltərənin “Arsenal” (2348), İtaliyanın “İnter” (2275) və “Milan” (2237), Almaniyanın “Bavariya” (2231), İspaniyanın “Real” (2168), həmçinin İngiltərə və İtaliyanın hərəsindən daha bir komanda - “Çelsi”(2165) və “Roma”(1959) yer alıb.

Ölkəmizdə də çox sevilən və hesabında 1459 xal olan “Qalatasaray” 29-cu pillədədir. İstanbul təmsilçisi, həm də ölkəsinin ən yaxşısıdır. Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu “Əskişəhərspor” isə 102 xalla Avropanın 759-cusudur.

Azərbaycan siyahıda 12 klubla təmsil olunub. Son 10 ildə göstərdiyi nəticələrə əsasən, “Neftçi” ölkəmizin ən yaxşı təmsilçisidir. Bakılılar Avropada 314-cü yerdədir ki, buna iki dəfə Çempionlar Liqasında mərhələ keçməyin böyük rolu olub. Bu göstəricini hələlik heç bir Azərbaycan çempionu təkrarlaya bilməyib.

Nisbətən zəif sayılan Avroliqada daha uzağa – pley-off mərhələsinə 2 dəfə yüksələn “Qarabağ” son 2 ildəki göstəricisinə əsasən, flaqmandan 25 pillə geri qalıb.

314. “Neftçi” – 380,5 xal
339. “Qarabağ” – 357
387. “Bakı” - 318,5
465. “İnter” - 256.5
468. “Xəzər Lənkəran” - 254.5
547. “Karvan” – 203
611. “Turan” – 158
679. “MKT-Araz” - 131,5
719. AZAL – 114
790. “Şəmkir” – 92,5
798. “Kəpəz” – 90,5
845. “Şahdağ” - 76