İdmançı topu vurdu, adam öldürdü
27.11.2010 - 13:58
İdmançı topu vurdu, adam öldürdü
Dünya idmanında daha bir faciə baş verib. Apasport.az saytının məlumatına görə, 35 yaşlı qolfçu Brayan Donahyu bir anda qatilə çevrilib. O, ABŞ-ın “Meyfeyr” qolf klubunda baş tutan oyun zamanı idman parkının əməkdaşını öldürüb.
Belə ki, 30 metrdən vurulan zərbə zamanı top təsadüfən 42 yaşlı mərhumun başına dəyib. Xəstəxananın reanimasiya şöbəsinə çatdırılan zərərçəkənin həyatını xilas etmək mümkün olmayıb. Hesablamalar nəticəsində məlum olub ki, 45 qramlıq “mərmi” saatda 200 kilometr sürətlə hərəkət edirmiş.
Florida ştatının Senford şəhərinin polis idarəsinin nümayəndəsi Devid Morqenstern bildirib ki, idmançıya qarşı cinayət işi açılmayacaq: “Bu, bir bədbəxt hadisə idi. Arenanın əməkdaşı Donahyunun görmə zonasından kənarda olub. Elə mərhumun özü də yaxınlaşan topu görə bilməzdi. İdmançı baş verənlərdən şoka düşüb”.