Rəşad Sadıqovun göstəricisi 33 ay sonra təkrarlandı
28.11.2010 - 16:21
Rəşad Sadıqovun göstəricisi 33 ay sonra təkrarlandı
Unibank Premyer Liqasının XV turunda nadir hadisə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Zaqatalanın “Simurq” klubu ilə qarşılaşana “Qəbələ”nin legioneri Deon Barton dünya futbolunda belə gec-gec rast gəlinən nəticəyə imza atıb. Belə ki, 34 yaşlı yamaykalı hücumçu hər hissədə 1 qol vurmaqla dubla imza atıb. Lakin bu dublun özəlliyi ondadır ki, mərkəzi amerikalı futbolçu hər iki topu 11 metrlik cərimə zərbəsi ilə rəqib qapısından keçirib. Bir futbolçunun eyni matçda iki penaltini qola çevirməsi isə nadir hallarda qeydə alınır.

Azərbaycan çempionatlarında sonuncu belə hadisə 2007/08 mövsümündə yaşanıb. Həmin vaxt 9-cu turun “Simurq”la görüşündə “Neftçi”nin müdafiəçisi Rəşad Sadıqov fərqlənib. O, 2:1 hesablı ev qələbəsi ilə bitən matçda hər iki qolu penaltidən vurub. Rəşad 38 və 61-ci dəqiqələrdə buna nail olub. Bu matç 2007-ci ilin oktyabrın 28-də baş tutub. Yəni Barton həmin matçdan 33 ay sonra Rəşadın göstəricisini təkrarlayıb.

Maraqlıdır ki, Sadıqov həmin mövsüm 2 dəfə penaltilərlə dubl edib. Sentyabrın 16-da “Standard”la görüşdəki qələbə də (3:1) Rəşadın 5 və 41-ci dəqiqələrdəki penaltiləri sayəsində mümkün olmuşdu.

Qeyd edək ki, Azərbaycan çempionatlarında 1 futbolçunun oyun ərzində 2-dən artıq penalti vurması da qeydə alınıb. Sonuncu belə hadisə 2005/06 mövsümündə yaşanıb. “Gənclərbirliyi”nin “Şahdağ”la oyununda meydan sahiblərinin qvineyalı hücumçusu Pathe Banqura 3 dəfə 11 metrlik zərbə endirib. İki dəfə dəqiq olan afrikalı şanslardan birini qaçırıb.