“Simurq” “Herenven”i də unutdurdu
29.11.2010 - 00:15
“Simurq” “Herenven”i də unutdurdu
Unibank Premyer Liqasının XV turu “Qəbələ” klubunun baş məşqçisi Toni Adams üçün əlamətdar olub. Apasport.az saytının araşdırmalarına görə, Zaqatalanın “Simurq” komandası üzərindəki 4:0 hesablı qələbə Böyük Britaniya futbolunun əfsanəsi üçün yeni rekord sayılır.

Belə ki, uzun illər “Arsenal” klubu və İngiltərə yığmasının kapitanı olmuş Adams baş məşqçi karyerası ərzində heç vaxt belə böyük hesablı qələbə qazanmamışdı. Çalışdırıcılıq karyerasını 2003-cü ildə başlayan britaniyalı əvvəllər 3 böyük hesablı qələbə qazansa da onların hamısı 3 top fərqi ilə olmuşdu.

Bu ampluada debüt oyunu 2003-cü il noyabrın 8-nə təsadüf edən Adamsın rəhbərlik etdiyi “Uikomb Uonderers” “Suindon Taun”la qarşılaşmışdı. Aşağı dəstə təsilçisi çalışdırıcısını 4:1 hesablı qələbəyə sevindirmişdi.

İki ay sonra Adamsin yetirmələri yenə eyni hesablı qələbə qazandı. 2004-cü il yanvarın 3-də baş tutan II liqanın oyununda onun yetirmələri “Qrimsbi Taun”u məğlub etdi. Bu, 2003-cü ili noyabrından 2004-cü ilin noyabrınadək “Uikomb Uondererse”ə başçılıq edən Adamsın bu komandada son böyük hesablı qələbəsi olub.

2008-ci ilin oktyabrından 2009-cu ilin fevralına kimi “Portsmut”a rəhbərlik edən “Adams daha bir fərqli qələbənin sevincini yaşayıb. Bu dəfə o, avrokuboklarda uğur qazanıb. Belə ki, Adamsın yetirmələri iki il əvvəl dekabrın 17-də Hollandiyanın “Herenven” klubunu darmadağın ediblər – 3:0. UEFA kubokundakı bu böyük hesablı qələbə Adams üçün Azərbaycan səfərinə qədərki son belə nəticə idi.

Adamsın rəhbərliyi altında ilk böyük hesablı qələbəsini “Simurq”la oyunda qazanan “Qəbələ” ingiltərəlinin baş məşqçi kimi 4-cü , amma bu dəfə 4 qol fərqli qələbəsinə imkan yaradıb.