Rauf Mehdiyev: O məsələni çox şişirtdilər
29.11.2010 - 14:25
Rauf Mehdiyev: O məsələni çox şişirtdilər
“Neftçi” klubunun qapıçısı Rauf Mehdiyevin apasport.az saytına müsahibəsi

- Özünüzü futbolçu kimi yaşlı hesab edirsinizmi?
- Şükür Allaha, hələ şikayətim yoxdur. Həm də 34 yaş qapıçı üçün elə də çox deyil. Avropa klublarında oynayan qapıçıların əksəriyyətinin yaşı 30-u keçib. Belə baxanda, 34 yaş heç nədir.

- Meydanda özünüzü necə hiss edirsiniz?
- Yaxşı. İşlər qaydasındadır. Əsas odur ki, zədədən qaçırıq.

- Əsas heyətdə meydana çıxmaq üçün daim rəqabət aparmaq lazımdır. Bu, sizi yormur ki?
- Rəqabət bizim işimizdir. Ona görə də yorulmaq haqda danışmaq tezdir.

- Həyatla necə, ayaqlaşa bilirsinizmi?
- Ümumiyyətlə, həm həyatda, həm də futbolda sağlam rəqabətə yaxşı baxıram. İstənilən futbolçu rəqabət aparmalı, inkişaf etməlidir. Rəqabət olmayanda, stimul da olmur.

- Adətən futbola yeni başlayanda çoxları hücumda oynamağa can atır. Bəs siz niyə qapıçı olmaq istədiniz?
- Futbola hücumçu kimi gəlmişəm. Sonradan qapıçımız sarılıq xəstəliyinə yoluxdu. Buna görə də qapıda kimsə dayanmalı idi. Uşaqlardan heç kim “çərçivə”yə keçmədi. Onlar mənim dayana biləcəyimi bildirdilər. Çünki məhəllədə görmüşdülər. Futbola da məhəllə uşaqları ilə bir yerdə gedib-gəlirdik. Elə oldu ki, qapıda mən durdum. Həmin oyundan sonra məşqçi dedi ki, qapıda bundan sonra sən dayanacaqsan. Bununla da qapıçı oldum.

- Ampluanızı dəyişdiyiniz üçün peşman deyilsiniz ki?
- Niyə ki? Qismət belə imiş. Bu da Allahın işidir. Qapıçı kimi oyunum alınıb.

- Qapıçılar digər mövqe oyunçularına nisbətən daha çox əziyyət çəkirlər. Elə olur ki, 20 dəfə yerə yıxılmaq lazım gəlir...
- Bilirəm. Qapıçı olmaq çox çətindir. Çünki cavabdehlik daşıyırsan. Meydanda qapıçıdan sonra heç bir futbolçu olmur.

- Zarafatla aranız necədir?
- Normal.

- Dostlarınız sizinlə daha çox hansı mövzuda zarafat edir?
- Müxtəlif mövzularda.

- Yeri gəlmişkən, özünüzəməxsus yeriş tərziniz var. Heç buna görə sizinlə zarafat ediblər?
- Oyuna baxırlar, sonra yıxılmağımla bağlı müəyyən zarafatlar edirlər.

- Adətən, bizim futbolçular boşa vaxtlarını çayxanada keçirməyi xoşlayırlar. Siz necə?
- Hərdən uşaqlarla görüşüb, bir yerdə çay içirik. Amma əksər hallarda boş vaxtımı ailəmə sərf edirəm. Çayxanaya daha çox söhbət etmək üçün gedirik.

- AZAL-dan ayrıldıqdan sonra “Simurq”a keçsəniz də, işləriniz heç də yaxşı getmədi. Niyə Zaqatalada qərar tuta bilmədiniz?
- “Simurq”da oynayan vaxt zədələndim. Təxminən 4 ay futbol oynaya bilmədim. Roman Pokora da dedi ki, bizə zədəli futbolçu lazım deyil. Məcbur olub, komandadan ayrıldım və “Karvan”a keçdim.

- Həmin vaxtlar çətin günlər yaşadınız. Dostlarınız sizi itirib-axtarırdımı?
- İdmanda qara və ağ zolaq olur. Həmin vaxt qara zolağa düşmüşdüm. Şükürlər olsun ki, indi hər şey qaydasındadır. Zədəmi də tam sağaltmışam. Oynamağım üçün heç bir problem qalmayıb. Formamı bərpa etmişəm.

- Siyasətlə aranız necədir?
- Uzağam. Ümumiyyətlə, heç bu mövzuda söhbət də eləmirik. Marağım yoxdur.

- Niyə tez-tez rus sözlərindən istifadə edirsiniz?
- Bilirsiz, xarici ölkələrə çox gedirik. Xüsusilə, Şərqi Avropada rus dilini yaxşı bilirlər. Yəni, bizə də ünsiyyət qurmaq asan olur. Həm də biz sovet məktəbini keçmişik. Həmin vaxtda əksər hallarda rus dilindən istifadə edilirdi. Ona görə də bu gün terminləri rus dilində işlədirik.

- Ümumiyyətlə, hansı mövzuda söhbət etməyi xoşlayırsınız?
- Bunun fərqi yoxdur. Əsas odur ki, maraqlı mövzu olsun. Çalışıram ki, öz fikrimiz bildirim.

- Bir ara mətbuatda əlinizdə siqaret olan şəkliniz yayımlandı. Yenə siqaret çəkirsiniz?
- O bir zarafat idi. Çayxanada oturmuşduq. Bizdən əvvəl oturanlar ordan dursa da, xidmətçi stolun üstünü yığmamışdı. Həmin vaxt stolda boş siqaret qutusu var idi. Xaqani Məmmədovla zarafat etmək istədik. Öz uşaqlarımız şəklimizi çəkdi. Sonra bunu şişirdib, dağın başına qaldırdılar.

- Bəs həmin şəkli mətbuata kim ötürdü?
- Bilmirəm, heç maraqlanmadım da. Sadəcə, internetdə həmin şəkli gördüm. Sonra təkzib verdilər və buna görə üzr istədilər. Nə siqaret çəkirəm, nə də spirtli içkilər qəbul edirəm.

- Toy məclislərində də içmirsiniz?
- İçirəm, amma limonad.

- Yayda “Muğan”la razılaşsanız da sonradan “Neftçi”də peyda oldunuz. Fikrinizi niyə dəyişdiniz?
- “Muğan”la hətta müqavilə də imzalamışdım. Sonradan “Neftçi”dən dəvət aldım. Uşaq vaxtlarından hamımız bu komandanın formasını geyinmək arzusu ilə böyümüşük. Əlimə belə bir şans düşdüyünə görə, dərhal dəyərləndirdim. Dərhal “Muğan”ın vitse-prezidenti Bəhruz Şirəliyevlə söhbət elədim. O da getməyimə mane olmadı.

- Amma sözünüzü tutmadınız...
- “Muğan”la heç məşq də etməmişdim. Onların da yeni qapıçı transfer eləmək üçün vaxtı var idi.

- Necə düşünürsünüz, Azərbaycanın ən yaxşı futbolçularının məhz sovet məktəbinin yetirmələri olduğunu düşünmək olarmı?
- Məncə, ən yaxşı futbolçularımız elə sovet dövründə yetişib. Onların hamısı korifeylərdir.

- İndikilər niyə belə zəifdir?
- Gəlin, zəif deməyək. Tədricən inkişaf edirik. Amma uşaq futbol məktəbləri çox azdır. Bizim vaxtımızdan uşaq məktəbləri həm çox, həm də güclü idi. Adam bilmirdi hansına getsin. Həm də indikilər süni meydançada məşq edirdilər. Biz ancaq təbii örtüklü meydançalarda hazırlaşırdıq. İndi heç əməlli-başlı meydançalar yoxdur.

- İndiki qapıçılarımızdan kimlərin çıxışını bəyənirsiniz?
- Kamran Ağayev yaxşı qapıçıdır. Elçin Sadıqovla Səlahət Ağayev perspektivlidir.