Mourinyo: Karyeramda ən böyük zərbəni “Barselona”dan aldım
30.11.2010 - 09:57
Mourinyo: Karyeramda ən böyük zərbəni “Barselona”dan aldım
“Bu, sadəcə məğlubiyyətdir və onu asan qəbul etmək lazımdır. Çünki bizim həqiqətən də heç bir şansımız yox idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo “Barselona”ya 0:5 hesablı məğlubiyyətdən sonra deyib.

“Real”da çalışdığı yarım ildə ilk məğlubiyyətini “El Klassiko”da alan 48 yaşlı portuqaliyalı mütəxəssis məşqçilik karyerasında ilk dəfə belə hesabla uduzdu. Vaxtilə “Barselona”da baş məşqçilər Bobbi Robson və Lui van Qalın tərcüməçisi, indi isə dünyanın ən güclü məşqçilərindən olan Mourinyo rəqibin qələbəsinə kölgə salmayıb: “Bəli, bu, məşqçilik karyeramda ən böyük hesablı məğlubiyyət oldu. Ancaq oyunlarda top qapı dirəyinə dəyəndə, qol vəziyyətlərini boşa verəndə daha çox həyəcan keçirirsən. Burada belə şey yox idi. “Barselona” əla oyun göstərdi, biz isə pis oynadıq. Ancaq çempionat davam edir. Bu məğlubiyyət səviyyə fərqini göstərmir. Axı mən demişdim ki, “Barsa” artıq hazır komandadır, “Real” isə yalnız qurulma dövründədir. Ən əsası, futbolçular sınmasınlar. Mən onlara heç nəyin itirilmədiyini, döyüşməyin lazım olduğunu dedim. Qələbədən sonra xoşbəxtlikdən ağlamaq olar. Ancaq məğlubiyyətdən sonra güc toplayıb, oyununu davam etdirmək lazımdır. Biz hamımız üzgünük, çünki başqa şey gözləyirdik. Ancaq irəli getmək lazımdır. Hər şey keçmişdə qaldı. İndi liderdən 2 xal geridəyik”.

Qeyd edək ki, “Barselona”nın 38 yaşlı baş məşqçisi Xosep Qvardiola Mourinyonun vaxtında komandanın əsas futbolçularından olub.