“İnter” “Birlik kuboku” turnirində tanış futbolçuya qarşı
15.12.2010 - 10:07
“İnter” “Birlik kuboku” turnirində tanış futbolçuya qarşı
“Birlik kuboku”nda “İnter”in əsas rəqiblərindən olan Moldovanın “İskra-Stal” klubunun heyətində azərbaycanlı futbolsevərlərə tanış sima var. Apasport.az saytının məlumatına görə, Rıbnitsa təmsilçisinin təcrübəli futbolçusu olan Vladimir Tsaranu vaxtilə milli çempionatımızın iştirakçısı olub. Özü də 28 yaşlı moldovalı hücumçu iki əyalət klubumuzun heyətində oynayıb.
Tsaranunun ölkəmizə gəlişi adətən qış fasiləsinə təsadüf edib. Yəni o, həm “Qəbələ”, həm də Salyanın “Muğan” klubunun heyətində ikinci dövrədə forma geyib.
Təbii ki, Vladimirin həmin vaxt “İnter”ə qarşı oynamaq imkanı olub. İlk olaraq 2007/08 mövsümünün II yarısında “Qəbələ”də oynayan Tsaranu yalnız son turda elə “İnter”lə çempionluğunun müəyyənləşdiyi “Şəfa” stadionunda görüşün iştirakçısı olmayıb. “Bankirlər”in 4:0 hesabı ilə qalib gəldiyi oyunda adı heç “18-liy”ə daxil edilməyən Vladimir buna qədər bütün matçlarda forma geyib.
Həmin zaman ölkəmizi tərk edən moldovalı növbəti qış fasiləsində yenidən geri dönüb. Bu dəfə “Muğan”a keçən Tsaranu “İnter”ə qarşı oynayıb. 2009-cu ilin aprelin 4-də “Şəfa”da keçirilən görüş bakılıların 2:0 hesablı qələbəsi ilə nəticələnib. Əsas heyətdə meydana çıxan Vladimir fasilədən dərhal sonra əvəzlənib. Həmin vaxtdan “İnter”də qalan futbolçular meydanda olan müdafiəçilər - braziliyalı Danildo Assioli, yığmamızın üzvü Vladimir Levin, çexiyalı yarımmüdafiəçi Branimir Çervenka və ehtiyatda qalan qapıçı Səlahət Ağayevdir.
Qeyd edək ki, Tsaranu milli çempionatımızda 23 oyunda 8 qol vurub. Hər iki komandada hərəyə 4 qol vuran hücumçu “Muğan”da 11, “Qəbələ”də 12 görüşdə iştirak edib.