Ağasəlim Mircavadov: “İnter” çempion olsa, çox sevinərəm
16.12.2010 - 00:01
Ağasəlim Mircavadov: “İnter” çempion olsa, çox sevinərəm
“Açığı, “Birlik kuboku”nun püşkündən xəbərim yoxdur. “İnter” Moldovanın “İskra-Stal”, Tacikistanın “İstiqlal” və Qırğızıstanın “Neftçi” klubları bir qrupa düşübsə, bəxti gətirib. Deyərdim ki, komandamız normal qrupa düşüb və növbəti mərhələyə çıxmalıdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Birlik kuboku”nu qazanmış yeganə azərbaycanlı məşqçi Ağasəlim Mircavadov deyib.

2006-cı ildə “Neftçi”, 2 il sonra “Xəzər Lənkəran”la buna nail olan 63 yaşlı mütəxəssis adını futbol tariximizə qızıl hərflərlə yazdırıb.

“İnter” qrupdan çıxarsa, rəqibi B qrupunda yer alan “Tobol” (Qazaxıstan), “Skonto” (Latviya), “Bunedkor” (Özbəkistan) və “Mika” (Ermənistan) klublarından biri olacaq. Mircavadov bu qrupu ən güclü sayır: “Biz “Skonto”nun əvvəlki gücünü görmüşük. İndi onun hansı səviyyədə olduğunu deyə bilmərəm. Qazaxıstan və Özbəkistan çempionlarını da yaddan çıxartmaq lazımdır. Ermənilərə gəlincə, uduzarlar, qurtardı getdi. Bildiyiniz kimi, “Neftçi” ilə “Birlik kuboku”nda iki dəfə dalbadal “Pünik”lə düşmüşdük. Birində 2:0 hesabı ilə qalib gəldik, o birində qaçıb getdilər. Nə deyim, hər ölkənin öz prinsipi var. Ancaq idman elədir ki, hazırlaşıb, oynamaq lazımdır”.

Mircavadov dəvət olunduğumuz hər bir turnirə yalnız iştirak yox, qələbə üçün getməyin vacibliyini bildirib: “Çoxu mənə deyir ki, “Birlik kuboku” kimə lazımdır. Jurnalistlərin çoxu yazır ki, turnir mahiyyətini itirdiyindən, komandamız ora getməsin. Ola bilər ki, indi turnir mahiyyətini itirib. Ancaq biz elə bir ölkəyik ki, futbolumuzun inkişafı üçün hər bir turnirdə, lap elə uşaqların yarışında məqsəd olmalıdır. Özü də təkcə oynamaq yox, qalib gəlmək. Çünki bu, vacibdir, qələbə ruhu uşaqlardan böyüklərə kimi getməlidir. Mən “Xəzər Lənkəran”da braziliyalı futbolçularla birgə işlədiyim zamanı bunun şahidi oldum. Onların prinsipləri ilə həmişə maraqlanırdım. Braziliyalılardan soruşurdum ki, gör neçə dəfə dünya çempionu olublar, doyublar? Deyirdilər ki, yox. Hər turnirdə qalib gəlmək istəyirik. Bu, böyük şeydir. Onlarda qələbə ruhu həddən artıq yüksəkdir. Biz həmin qələbə ruhunu saxlamalıyıq”.

Təcrübəli mütəxəssis “İnter”in ¼ finala çıxmaq şansını yüksək qiymətləndirir. O, çempionumuzun qrup qalibi kimi bunu etməli olduğunu söyləyib: “Mən sizə deyim ki, “İnter” çox gözəl komandadır. Heyəti də çox güclüdür. Sadəcə, oyunları dəyişilir. Yəni bir oyun əla, o birində orta, digərində zəif oynayırlar. Vallah, mən bunun səbəbini bilmirəm. Bu, onların daxilində ola bilər. Ancaq oyunçularına, transferlərinə güclüdürlər. Əfsuslar olsun ki, orada yerli futbolçuları azdır. Halbuki “İnter”in ən yüksək vaxtında yerli futbolçuları var idi, özü də əsas heyətdə oynayırdılar. Çox klublar bunu legioner limitinə görə edirlər. Ancaq bu, belə olmamalıdır. Yerli futbolçu əsas heyətdə oynamağa layiq olmalıdır və öz sözünü də deməlidir”.

Mircavadov özündən sonra “Birlik kuboku”nun Bakıya gətirilməsini istəyir: “Turniri udmaq istəyirsənsə, güclü ilə oynamalısan. Bu, adi haldır. “İnter” “Birlik kuboku”nun iştirakçıları olan klubların bəzilərindən səviyyəcə üstündür. Qalib gəlməsi isə komandamızın motivasiyasından asılıdır. Yəni, onlar Sankt-Peterburqa oynamaq, yoxsa qələbə məqsədi ilə gedirlər. Əgər “İnter” mənim uğurumu davam etdirmək istəyirsə, lap yaxşı. Çox sevinərəm ki, çempionumuz orada qalib olsun. Bu, yenə futbolumuzun qələbəsidir. “İnter”ə uğurlar diləyirəm”.

Mehman SÜLEYMANOV