Mahir Şükürov problemi olan məşqçi ilə ayrılır
16.12.2010 - 16:58
Mahir Şükürov problemi olan məşqçi ilə ayrılır
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun oynadığı Rusiyanın “Anji” klubunun məşqçilər korpusunda dəyişiklik edilir. Apasport.az saytının məlumatına görə, baş məşqçi Hacı Hacıyevin əsas köməkçisi olan Andrey Qusinin Kiyev “Dinamo”suna qayıdışı reallaşır. 38 yaşlı Qusin uzun illər oynadığı “Dinamo”nun əsas komandasının yox, əvəzedicilərinin baş məşqçisi olacaq. “Dinamo”nun prezidenti İqor Surkisinin sözlərinə görə, məsələnin rəsmiləşməsi qalıb: “Andrey artıq buna razılığını verib. Onun qayıdışı “Dinamo-2”nun bütün məşqçilərinin istefaya getməsi deməkdir. Qusin yeni məşqçilər ştabını formalaşdıracaq”. “Dinamo-2”ni tanınmış ukraynalı futbolçu Gennadi Litovçenko çalışdırırdı.

Qeyd edək ki, Qusinin “Anji”dən gedişi ilə Şükürovun işi asanlaşacaq. Çünki onların münasibətləri gərgin idi. Qusin bir neçə dəfə mətbuatda Mahiri tənqid etmişdi. Futbolçumuz da ukraynalı məşqçisi ilə problemi olduğunu saytımıza müsahibəsində etiraf etmişdi.