Ruslan Abışov: “Xəzər Lənkəran”ın xal itirməsini gözləyirik
16.12.2010 - 17:16
Ruslan Abışov: “Xəzər Lənkəran”ın xal itirməsini gözləyirik
“Artıq “Bakı” klubuna məğlubiyyəti unutmuşuq. Bizi ilin sonuna qədər 2 oyun gözləyir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun müdafiəçisi Ruslan Abışov deyib.

Ötən həftə “Bakı”ya məğlub olaraq, zirvədəki mövqeyini itirən “Neftçi” XVIII turda “Gəncə”nin qonağı olacaq. Cari mövsümdə biri çempionat, digəri kubok oyunu olmaqla, artıq iki dəfə üz-üzə gələn bu komandaların duelində favorit yenə paytaxt təmsilçisi hesab edilir. Səfərdə oynamağına baxmayaraq, “ağ-qaralar” 3 xal qazanmağa və “Xəzər Lənkəran”ın xal itirməsinə ümid edir: “Mütləq qələbə qazanmalıyıq. Ötən həftə məğlub olduq və liderliyi əldən verdik. İlin sonuna qədər 2 oyunumuz var. “Gəncə” və “Turan”la görüşdən maksimum nəticə ilə ayrılmalıyıq. Biz bunu edib, “Xəzər Lənkəran”ın xal itirməsini gözləyəcəyik. Yeni ilə zirvədə yollanmaq istəyirik”.

Rəqib haqda danışan müdafiəçi arxada qalan 2 dueldən qalib ayrılmalarının bu görüşə arxayın çıxmağa əsas vermədiyini qeyd edib: “Əksinə, bu dəfə daha çətin olacaq. “Gəncə” doğma meydanda qələbə qazanmağa çalışacaq. Biz də 3 xal üçün oynayacağıq”.