“Bizim “Neftçi” sizin “Neftçi”dən geridədir”
16.12.2010 - 18:00
“Bizim “Neftçi” sizin “Neftçi”dən geridədir”
“İnter”in “Birlik kuboku” turnirində rəqibi olan Qırğızıstanın “Neftçi” klubunun baş məşqçisi Aleksandr Krestininin apasport.az saytına müsahibəsi

- Komandanız son çempionumuz “İnter”lə bir qrupa düşüb. Püşkün nəticəsindən razı qaldınızmı?
- Püşk elədir ki, ondan gileylənməyə dəyməz. Kim düşübsə, onunla da oynamalısan. Normal püşkdür, hamı ilə oynamaq lazımdır. Bütün rəqiblərlə oynaya bilərik.

- “İnter”in qrupun favoriti sayırsınız?
- Bəli. Fikrimcə, “İnter”in şansı digərləri ilə müqayisədə daha çoxdur. Qalan üç komanda – bizim, Moldovanın “İskra-Stal” və Tacikistanın “Istiqlal” klubunun şanslarını bərabər sayıram. Şansları real qiymətləndirmək lazımdır.

- Reallıq deyəndə, “İnter”in heyəti, büdcəsini, yoxsa təcrübəsini nəzərdə tutursunuz?
- Büdcənin buna dəxli yoxdur. Hərçənd, büdcələrimiz mütənasib deyil. Mən əsas çempionatının səviyyəsini nəzərdə tuturam. Buna baxıb, qiymət verirəm. Təbii ki, futbolçu seçimi, təcrübə - bunlar hamısı zəncirvarı halqa kimi bir-birinə bağlıdır. Səviyyə, büdcə nə qədər yüksək olarsa, komanda bir o qədər güclü olar.

- Yəni hesab edirsiniz ki, Azərbaycan Premyer Liqasının səviyyəsi Qırğızıstan çempionatından çox yüksəkdir?
- Belə deməzdim. Ancaq bir məqamı götürək ki, “İnter” avrokubokların təsnifat mərhələsində oynayıb, Qırğızıstan komandası isə yox. Düzdür, biz Asiyada oynayırıq, iştirak etdiyimiz turnir pis deyil. Ancaq istənilən halda, bu, Avropadakı səviyyə deyil. Azərbaycan komandaları beynəlxalq səviyyədə daha güclü yarışda oynayır, hərdən uğurla çıxış edirlər. Bu, elə-belə olmur.

- “İnter”in oyununu görmüsünüz?
- Bəli. Ötən qış Bakıda olanda görmüşəm. Həmin vaxt “Standard”ın düşərgəsində idim və təlim-məşq toplanışı zamanı “İnter”in oyununu izləmək imkanım oldu.

- Komandamızı necə xarakterizə edərdiniz?
- Yaxşı təşkilatlanmış, balanslaşmış, oyun nizam-intizamına malikdir. Müdafiədə yaxşı oynayırlar. Əlbəttə, yaradıcı oyunları var. Çox hücum edib, qol vəziyyətləri yaradırlar. “İnter”in oyunu çox xoşuma gəldi. Baş məşqçinin işi, dəst-xətti görünür. Təsadüfi deyil ki, “İnter” Azərbaycan çempionudur. Fikrimcə, bunlar məntiqə uyğundur. Digər komandalarınızın da çempionluğu iddialı olduğunu görmüşəm. Ancaq sonda “İnter” 1-ci oldu və bunu tam qanunauyğun sayıram.

- Rəqibinizdən konkret kimləri tanıyırsınız?
- “İnter”in baş məşqçisi Kaxaber Sxadadzedir. Onu hələ futbol oynadığı vaxtdan xatırlayıram. Sxadadzenin oyunlarını televiziyadan izləmişəm. Bildiyimə görə, Ukraynadan futbolçular oynayır. Ancaq deməzdim ki, komandanızla dəqiq tanışam, böyük informasiyam var. Ancaq ümumilikdə “İnter” haqda məlumatlıyam.

- Ancaq daha çox informasiya toplamaq lazımdır...
- Elə indi bu işlə məşğuluq. Qrupumuzdakı rəqibləri biləndən sonra bu işə başlamışıq. “Birlik kuboku”na lazımınca hazırlaşmağa çalışırıq. Hər şeyi turnir göstərəcək. Onu deyə bilərəm ki, biz Sankt-Peterburqa ekskursiyaya getmirik.

- Turnirə Qırğızıstanda hazırlaşacaqsınız?
- Bəli. İki həftə evdə hazırlaşacağıq. Sonra Bişkekə yollanıb, 8 gün orda çalışacağıq. Çünki orada sintetik örtüklü meydança var və “Birlik kuboku” manejdə keçirildiyindən, buna uyğunlaşmalıyıq. Sankt-Peterburqa da paytaxtdan gedəcəyik.

- Cəmi 32 yaşınız var. Həmyaşıdlarınız hələ futbolçu karyerasını davam etdirirlər. Ancaq siz belə erkən məşqçiliyə başlamasınız. Səbəb nədir?
- Birincisi, məşqçi lisenziyam var. Mənim oxumaq üçün vaxtım olub və kursu bitirdim. İmtahan verib, lisenziya almışam. Elə alındı ki, Qırğızıstana futbolçu kimi gəlmişdim, ancaq hadisələrin axarı vəziyyəti dəyişdirdi. Rəhbərlik mənə komandada məşqçilik etməyi də təklif etdi. Ötən mövsümün sonunda “Neftçi”də oynayan məşqçi idim. Bəzi matçlarda oynadım. Bir neçə futbolçumuz zədələnən zamanı meydana çıxmağım vacib idi. Oynayan məşqçi kimi fəaliyyətim heç də pis alınmadı. Artıq tam olaraq məşqçiliklə məşğulam. Bu, eyni zamanda səhhətimlə bağlıdır. Çünki yayda zədələndiyimdən, daha oynaya bilmədim. Buna görə də məşqçiliyə keçməyə qərar verdim. Lisenziyam olduğumdan, rəhbərliyin baş məşqçi təklifinə razılaşdım.

- Bu yaşda baş məşqçi olmaq çətin deyil?
- Mənim üçün yox.

- Azərbaycanda, Bakıda hansı xatirələriniz qalıb?
- Sizdə futbol inkişaf edir. İnsanlar futbola, klublara böyük sərmayə qoyur. Nəticədə çempionatınızın səviyyəsi artır. Büdcə nə qədər böyük olarsa, gələn futbolçuların səviyyəsi bir o qədər yüksək olur. Hesab edirəm ki, düzgün yoldasınız. Milli komandanızı da Berti Foqts kimi yüksək səviyyəli çalışdırır. Artıq beynəlxalq səviyyədə qələbələriniz də var. Məncə, futbolunuz böyük perspektiv vəd edir.

- Bildiyiniz kimi, bizdə də “Neftçi” komandası var. Sizcə, bu iki “Neftçi” arasında oxşarlıq yalnız adla bağlıdır?
- Bəli. Çünki sizin “Neftçi” əfsanəvi klubdur, biz isə ilk addımlarımızı atırıq. Çalışırıq ki, irəliləyək və bizim “Neftçi” ölkədə aparıcı rolda olsun. Komandamızın Qırğızıstan futbolunun flaqmanı olmasına səy göstəririk. Hələ ki bizdə hər şey yeni başlayıb. Sizin “Neftçi” böyük ənənələrə malikdirsə, biz buna nail olmağa çalışırıq. Necə alınacağını zaman göstərəcək. Biz yolun əvvəlindəyik və artıq çoxdandır formalaşmış sizin “Neftçi”dən hələ çox geridəyik.

- Bizim “Neftçi”yə oxşamaq istərdiniz?
- Oxşamaq deyəndə ki, bizim komandanın da sizin “Neftçi” kimi şanlı tarixinin olmasını istərdik. Biz də komandamız kimi yaxşı nəticə qazanmağı arzulayırıq.

Mehman SÜLEYMANOV