Musa Süleymanov: Kömək elə futbolçu alaq, sən də tovuzlu deyilsənmi? - MÜSAHİBƏ
16.12.2010 - 17:50
Musa Süleymanov: Kömək elə futbolçu alaq, sən də tovuzlu deyilsənmi? - MÜSAHİBƏ
“Turan” klubunun prezidenti Musa Süleymanov “Yeni Müsavat” qəzetinə müsahibə verib. Əyalət klubunun sahibi maraqlı açıqlamaları ilə yanaşı, bir-birini tamamlamayan fikirləri ilə də diqqəti cəlb edib.

- Musa bəy, komandanız son illər ancaq yüksək liqada qalmaq uğurunda mübarizə aparır. Bu proses nə vaxta qədər davam edəcək?
- Bizim 3 illik layihəmiz var. Yəni konkret olaraq 2013-cü ildə “Turan” çempionluğa oynayacaq.

- Belə çıxır ki, hazırkı gənc oyunçuları yetişdirib 3 ildən sonra iddialı klub yaratmaq fikriniz var...
- Bəli.

- Komandanızın maliyyə imkanı olacaqmı ki, 2013-cü ilə qədər güclü klubların maraq dairəsinə düşən istedadlı futbolçuları heyətdə saxlasın?
- Bütün gənc oyunçularımızın klubla 23 yaşına qədər müqaviləsi var. Onları heyətdə saxlamaq üçün lazımi qədər əməkhaqqı veririk.

- “Turan” hakimliklə bağlı tez-tez problem yaşayır. Klubunuza qarşı konkret hansı hakimlərin qərəzli olduğunu deyə bilərsinizmi?
- Tam bizə qarşı qərəzin olduğunu deməzdim, amma ədalətsizliklə üzləşirik.

- Belə söz-söhbət var ki, hakimlərə “Neftçi”ni çempion etməklə bağlı tapşırıq verilib.
- İnanmıram ki, “Neftçi”nin hakimlərin köməyinə ehtiyacı olsun.

- Komandanızın, eləcə millinin üzvu Vurğun Hüseynovun “Qəbələ”yə keçidi ilə bağlı xəbərlər dolaşır. Deyilənə görə, “Turan” gənc oyunçuya 200 min manat qiymət qoyub...
- Vurğunu kim daha çox pul versə, ona satacağıq. Bu, 100 min də ola bilər, 1 milyon da. Onu istənilən kluba sata bilərik.

- “Turan” necə maliyyələşir? Deyilənə görə, komandanı saxlamaq üçün imkanlı tovuzlular kömək edir...
- İmkanı tovuzluların hamısı qaçıb, təkcə qalmışam. “Turan”ı ancaq mən maliyyələşdirirəm.

- Sizin üçün komandanı təkbaşına saxlamaq çətin olmayacaq ki?
- Əlbəttə, çətinliyimizin olacağını bilirik. Amma klubdan xeyir götürəcəyimizi də hesabdan silmək olmaz. İstedadlı oyunçuları başqa kluba sataraq maliyyə dəstəyi qazanacağımızı zənn edirəm.

- Bayaq dediniz ki, oyunçuları yetişdirib 2013-cü ildə çempionluğa oynayacaqsınız. İndi isə deyirsiniz ki, futbolçuları satıb klubu saxlamaq niyyəti güdürsünüz...
- Bizim klubda 500-dən çox oyunçu məşq edir...

- Amma etiraf edin ki, deyək Elvin Məmmədov, Aqil Nəbiyev səviyyədə oyunçuları iddialı klublara satdıqdan sonra komanda çempionluğa oynaya bilməz.
- Siz bizim oyunçuların istedadına, qabiliyyətinə yaxşı bələd deyilsiniz. “Qəbələ” ilə son oyunumuza baxmısınız?

- Baxmışam. Komandanızın oyunu xoş təsir bağışladı. Amma bir oyunda az top buraxmaqla, bir oyunda rəqibə müqavimət göstərməklə necə iddialı olmaq olar?
- Onda kömək elə, oyunçu alaq. Sən də tovuzlu deyilsənmi?

- Mən iş adamı deyiləm. Sizə ancaq mətbuatda, ölkənin ən tirajlı qəzetində yer verməklə dəstək verə bilərik...
- Bilirsinizmi, mən məcburiyyətdən komandaya kömək edirəm. Kömək etmək istəyən varsa, gedək Pelenin oğlunu alaq, Məsut Özili transfer edək. Bir sözlə, bütün tovuzlulardan kluba kömək etməsini gözləyirəm.

- “Turan” qış fasiləsini necə keçirəcək, komandada gedib-gələnlər olacaqmı?
- Antalyada təqribən 15 günlük təlim-məşq toplantısında olacağıq. Heyətdə dəyişikliklər olacağı mümkündür. “Turan”dan gedənlər də ola bilər, heyətə yeni oyunçuların cəlb olunacağı da istisna olunmur. Həm əcnəbi, həm də yerli oyunçularla güclənməyimiz mümkündür.