Seçim üçün Azərbaycan standartı
17.12.2010 - 00:10
Seçim üçün Azərbaycan standartı
İl sona yaxınlaşır və idman qəzetləri, saytlar, müxtəlif portallar yavaş-yavaş 2010-a yekun vurmağa tələsir. FİFA “Qızıl top”un qalibini elan etməyə hazırlaşdığı bir vaxtda ayrı-ayrı ölkələrdə də mövsümün, ilin futbolçuları müəyyən olunur.

Biz də tezliklə seçimimizi edəcəyik. Nə qədər cılız, nə qədər mənasız görünsə də, ölkənin ən yaxşı futbolçusunu müəyyən etməliyik. Bəzən respondentlər sorğu anketlərində ilk iki yeri boş qoyub, yalnız üçüncü yerə namizədini bildirir və bunu layiqli oyunçumuzun olmadığı ilə əlaqələndirirlər. İlk baxışdan diqqət çəkən jest olsa da, əslində, bu addımda məntiq yoxdur. Çünki bizdən dünyanın ən yaxşısını soruşmurlar ki, ilk iki yerə namizəd görməyək. Biz yalnız Azərbaycanın ən yaxşısını seçməliyik. Yəni, hətta ayağı top tutmayanlar da olsa, pislərin arasından ən yaxşı seçilməlidir.

Futbol dünyasında nüfuz sahibi olmadığımızdan seçimdə dünya və ya qitə çempionatının nəticələrini, qitə kuboklarının final mərhələsindəki çıxışımızı, eləcə də xarici klublara transfer dəyərinin gətirdiyi populyarlıq və səviyyəni nəzərə ala bilmərik. Azərbaycanda ilin futbolçusu olmaq üçün yığmanın heyətində 2 parlaq oyun və ya bir qol yetərlidir. Bundan başqa, qitə kuboklarının təsnifat mərhələsində nisbətən sanballı oyun, bir də ölkə xaricinə transfer olunmaq ən yaxşı seçilmək üçün kifayətdir.

Yalnız bunlar olmadıqdan sonra ölkə çempionunun aparıcı üzvünü və ya milli birinciliyin bombardirini önə çıxarmaq olar. Ancaq indiki halda Fərid Quliyevin “geydirmə” bombardirliyi və "İnter"in məntiqsiz çempionluğu yada düşmür.

Bəri başdan deyim ki, Rəşad Sadıqovun növbəti dəfə ilin oyunçusu seçiləcəyinə qətiyyən şübhə etmirəm. Millimizin kapitanı Azərbaycan standartlarının tələb etdiyi bütün tələblərə cavab verir. Belə ki, müdafiəçi yığmanın heyətində inamlı oyunu, üstəlik ən uğurlu matçımız olan Türkiyə üzərində qələbədə yeganə qolun müəllifi kimi gözə girməyi bacardı. Bundan başqa avrokubokda ən layiqli təmsilçimiz olan "Qarabağ"ın heyətində liderlik funksiyasını yerinə yetirməsi, komandanın qrup mərhələsinin bir addımlığına kimi irəliləməsi də Sadıqovu ön plana çıxarır. Nəhayət, ölkədən kənara çıxan iki həmyerlimizdən biri kimi kapitanı qeyd etməliyik. Türkiyənin "Əskişəhərspor" klubuna transferi və komandada möhkəmlənə bilməsi Rəşadı oyundaşlarından bir addım önə çıxarır.

Tezliklə baş tutacaq seçkilərdə Sadıqova əsas rəqib kimi Mahir Şükürovu qeyd edə bilərik. Cinah oyunçusu da dediyimiz şərtlərə uyğun biridir. Mahirin yığmada il ərzində Rəşaddan daha çox oynaması üstünlüyüdürsə, qol vura bilməməsi mənfisidir. O da Rusiya "Anji"sinə transfer olunmaqla, daha bir tələbi yerinə yetirib. Ancaq Sadıqov zədə üzündən son matçlarda oynamayıbsa, Şükürovun Mahaçqala klubunun heyətində son turları buraxmasının müxtəlif səbəbləri var. Öncə allergiya səbəbindən heyətdən kənarda qalmaq daha sonra ikinci məşqçi ilə münasibətlər üzündən davam etdi. Bununla belə, Mahirin sorğunun favoriti ola bilməməsinin əsas səbəbi onun üçüncü komponentə görə geri qalmasıdı. Belə ki, Şükürov avrokuboklarda iştirak edə bilmədi.

Artıq AFFA-da Mahirin ən yaxşı oyunçu seçilməyəcəyini bilirlər və onun könlünü almaq üçün variant fikirləşiblər. Yadınızdadısa, bir müddət öncə "Anji"nin üzvü əməyinin qiymətləndirilməməsini önə çəkərək hətta yığmadan imtina etmək fikrinə düşmüşdü. Sonradan millinin baş məşqçisi Berti Foqts və AFFA rəhbərliyi futbolçu ilə görüşüb onu fikrindən daşındırdı. Növbəti dəfə Şükürovun inciməməsi üçün assosiasiya indi məcburən məhz onun üçün xüsusi nominasiya fikirləşib. Elə bu üzdən yığmada ən çox oyun keçirənə veriləcək mükafatın Mahirə qismət olacağı indidən bəllidir.

Deməli, seçimlər ədalətli, reallığa uyğun aparılsa, ilk iki yerin Rəşad Sadıqovla Mahir Şükürova çatacağı bəllidir. Çünki yenə Azərbaycan standartları baxımından tələblərə cavab verən başqa futbolçunun olmadığını görürük. Nəhayət, üçüncü pillə uğrunda ciddi rəqabət gedə bilər. Burada isə yalnız 2 şərt önəmli olacaq. Başqa sanballı legionerimiz olmadığından əsas diqqət "Qarabağ"la avrokuboklarda və yığmada oynamış futbolçulara yönələcək. Burada isə Elvin Məmmədovla Əfran İsmayılov ön plana çıxır. Onların hər ikisi iki cəbhədə adından söz etdirdi. Elvin yığmada qollarıyla da diqqət mərkəzinə düşdü, avrokubokda isə nisbətən kölgədə qaldı. Xüsusilə Avropa Liqasında qolçuluq bacarığı Əfranı bir addım öndə göstərir. Ancaq yersiz zədə onun ili parlaq başa vurmasına əngəl oldu. Bu isə İsmayılovun seçimdəki səslərinə təsir edəcək.

Sorğu keçirilərkən Maksim Medvedev, Kamran Ağayev və Vaqif Cavadov da yəqin ki, respondentlərdən müəyyən miqdarda səs alacaq. Ancaq onlardan yığmada və "Qarabağ"da yaxşı oyuna rəğmən, zədə üzündən bir müddət kənarda qalması Maksimin şanslarını azaldır. Kamran isə yalnız yığmadakı yaxşı oyununa görə diqqət çəkə bilər. Nəhayət, Vaqif "Tvente"dən vətənə qayıtmasaydı, seçimlərdə yaxşı yerə ümid edə bilərdi.

Göründüyü kimi, namizədlər siyahısı çox məhdud, favoritlər isə bəllidi. Dünya səviyyəsində kiçicik, Azərbaycanda isə böyük görünən nailiyyətlərinə görə Rəşad Sadıqovun ilin oyunçusu seçiləcəyinə şübhə yoxdur. Mahir Şükürovun ikinci olacağını da proqnozlaşdırmaq olar. "Üçlüy"ü kimin qapamasında isə futbolçulara olan simpatiyanın böyük rolu olacaq. Qol həvəskarları və istedadı dəyərləndirənlər Əfran İsmayılovu, keçmişi unutmayanlar Vaqif Cavadovu, sabitliyi qiymətləndirənlər isə Maksim Medvedevlə Elvin Məmmədovdan birini seçəcək.

CAVAD “Ekspressfutbol” qəzeti