“Ağ-qaralar”dan nadir göstərici
17.12.2010 - 10:57
“Ağ-qaralar”dan nadir göstərici
İtaliyanın “Yuventus” klubu futbolda nadir hallarda müşahidə olan nəticəyə imza atıb. Apasport.az saytının məlumatına görə, “Qoca Sinyora” Avroliqada bütün oyunları heç-heçə ilə başa vurub. Turnirdə heç bir komanda belə göstəriciyə malik olmamışdı.
Nəinki yer aldığı A qrupunun, ümumiyyətlə, Avroliqanın əsas favoritlərindən olan “Yuventus” gözlənilmədən 3-cü yeri tutaraq, mübarizəni dayandırıb. Bu, hələ 5-ci turda Polşanın “Lex” klubu ilə səfərdəki 1:1 hesablı bərabərlikdən sonra rəsmiləşdi. Yeri gəlmişkən, 1:1 “Yuventus” üçün sevimli hesabdır. Təsadüfi deyil ki, “ağ-qaralar” 6 oyundan 4-ü, ən əsası, səfər oyunlarının hamısını bu hesabla bitirib. İtalyanların əsas rəqibi sayılan İngiltərənin “Mançester Siti” klubu ilə hər iki görüşü, habelə “Zalsburq” və “Lex”lə səfər matçlarında 1:1 hesabı ilə nəticələnib.
“Yuventus”un bu iki komanda ilə ev oyunları məhsuldarlığına görə bir-birinin əksi olub. Belə ki, “Zalsburq”la görüşdə hesab açılmayıbsa, Bakının “İnter” klubuna Çempionlar Liqasında (ÇL) oyun sonrası penaltilərlə qalib gələn “Lex”lə matçda 6 qol vurulub – 3:3. “Yuventus” Avroliqada UEFA kubokunun qalibi olub.
Ümumiyyətlə, Avroliqanın yeni bitən qrup mərhələsində xal qazanmayan komanda olmadı. Ən pis nəticəyə “Qalatasaray”ın qrupa düşməsinə imkan verməyən Ukraynanın “Karpatı” klubu son tur qazandığı 1 xalla imza atıb. Turnirin yeganə yüz faizli nəticəyə malik komandası isə son Rusiya çempionu, 2008-ci ildə UEFA kubokunun qalibi olan “Zenit” olub – 6 oyun, 6 qələbə.
Qeyd edək ki, indiyə kimi ÇL-də Yunanıstanın AEK klubu qrup mərhələsinin 6 oyunun hamısı heç-heçə ilə bitirib. Afina təmsilçisi 2002/03 mövsümündə həmin nəticə ilə qrupunda 3-cü yeri tutaraq, UEFA kubokuna vəsiqə qazanıb. ÇL-də bütün qrup oyunlarında uduzan 11 klub olub ki, onlar arasında bizlərə yaxşı tanış olan “Fənərbaxça”, Moskva “Spartak”ı var.