Premyer Liqamızın bombardiri Ərəbistana dəvət olundu
17.12.2010 - 13:56
Premyer Liqamızın bombardiri Ərəbistana dəvət olundu
Bakının “Neftçi” klubunun özbəkistanlı futbolçusu Bahodir Nasimov milli komandasından dəvət alıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Vladimir Abramov 23 yaşlı hücumçunu Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək təlim-məşq toplanışına çağırıb. Bu, özbəklərin Qətərdə keçiriləcək Asiya çempionatı (AÇ) öncəsi son hazırlığıdır. BƏƏ-də keçiriləcək yoldaşlıq görüşlərindən sonra kənarda qalacaq 3 futbolçu müəyyənləşəcək. Belə ki, AÇ-də iştirak ərizəsinə 23-dən çox futbolçunun adı daxil edilə bilməz.

Sabah BƏƏ-yə yollanacaq Özbəkistan yığması yanvarın 3-də oradan Qətərə üz tutacaq. Nasimovun komandası yanvarın 7-də isə paytaxt Doxada XV AÇ-nın açılış oyununda meydan sahibləri ilə görüşəcək. Özbəklər A qrupunda Qətərlə yanaşı, Küveyt və Çinlə bir yerə düşüb.
Qeyd edək ki, Rusiyanın “Rubin” klubunu bu yay icarəyə verdiyi Bahodir “Neftçi”də oynadığı yarım ildə ilk dəfə yığmaya çağırılır. O, Premyer Liqamızda vurduğu 14 qolla bombardirdir.