Arif Əsədov: Bahodirin fasiləsiz hazırlaşması problem yaradacaq
17.12.2010 - 14:47
Arif Əsədov: Bahodirin fasiləsiz hazırlaşması problem yaradacaq
“Bahodir Nasimovun yığmaya çağırılması ilə bağlı Özbəkistan Futbol Federasiyasından faks almışıq. O, dekabrın 15-də millisinin düşərgəsinə yollanmalı idi. Ancaq özbəklərin danışığımızdan sonra səfərin vaxtının dəyişdirilməsini razılaşdıra bildik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib. “Ağ-qaralar”da oynadığı 6 ayda ilk dəfə yığmasından dəvət alan Bahodir Nasimov Birləşmiş Ərəb Əmirliklərinə təlim-məşq toplanışına aparılacaq.
Özbəklər artıq sabah Ərəbistan yarımadasına yollanacaqları halda, Bahodir hazırda “Neftçi”nin sıralarındadır.

Əsədov 23 yaşlı əsas hücumçusunu Premyer Liqamızın növbəti turunda sabah “Gəncə” ilə səfər oyununda meydana buraxacaq: “Bizim mövsümün təqvimi ilə Asiyanınkı uyğun gəlmir ki, bu da problem yaradır. Bu il iki oyunumuz qalıb. Üstəlik, heyətimizdə zədəli futbolçular var. Bütün bunları özbəklərin diqqətinə çatdırdıq. Rəhbərliyimizin onlarla danışığının nəticəsi belə oldu ki, Bahodir “Gəncə” ilə oyunda da bizə kömək edib, bundan sonra birbaşa Birləşmiş Ərəb Əmirliklərinə yollanacaq. Yəni növbəti həftə “Turan”la ev oyununda Nasimov artıq düşərgəmizdə olmayacaq. Deməzdim ki, həmin vaxt tək hücumçumuz kimi belçikalı Emil Mpenza qalacaq. Gənclər yığmamızın da üzvü olan hücumçu Ruslan Qurbanovun xidmətindən də istifadə edə bilərik. Əlbəttə, hər futbolçunun öz yeri var. Komandada futbolçu nə qədər çox olarsa, rəqabət bir o qədər böyük olar və balanslaşmış heyət yaranar”.

Ancaq “ağ-qaralar”ın Nasimovla bağlı çətinliyi bununla bitmir. Məsələ ondadır ki, Bahodir Asiya çempionatının final mərhələsinin oyunlarına sifariş olunarsa, ən azı yanvarın 7-dən 16-dan Qətərdə olacaq. Yanvarın 29-da yekunlaşan yarışın qrup mərhələsinin oyunları bu müddətdə olacaq. Məlum olduğu kimi, “Neftçi” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışının ilk mərhələsini yanvarın 10-dan 20-dək keçirəcək. Deməli, Nasimov yığmada olarsa, komandasının ilk hazırlıq mərhələsinin buraxmalı olacaq.

Əsədov daha çox futbolçusunun sıx qrafikdə çalışmalı olmasından narahatdır: “Mövsüm öncəsi hazırlıq ərəfəsində də belə olmuşdu. Yayda Rusiya Premyer Liqasının oyunları getdiyindən, Bahodir “Rubin” klubundan yüklənmiş halda gəlmişdi. O, bundan sonra “Neftçi”də dalbadal oyunlar keçirdi. Dekabrın 23-də çempionatda fasilə yaranandan sonra futbolçularımıza 2 həftəlik istirahət verəcəyik. Ancaq Nasimov yığmasına çağırıldığına görə dincəlməyib, yenə çalışacaq. Bütün bunlar isə futbolçumuzun həm fiziki, həm də psixoloji baxımdan daha da yüklənəcəyi deməkdir. Ola bilər ki, Özbəkistan yığması qrupdan çıxsın və onda Bahodirin qayıdışı yubanacaq. O, geri dönəndən sonra yenidən məşqlərdə iştirak edəcək və bu fasiləsiz hazırlıq problem yaradır. Buna görə də Bahodirlə bağlı bəzi fikirlərimiz var. Yorğun olan hücumçunun müəyyən müddət istirahətə ehtiyacı var”.

Qeyd edək ki, Nasimov “Neftçi”nin Antalyada yanvarın sonunda başlayacaq ikinci hazırlıq mərhələsində iştirak edəcək.

Mehman SÜLEYMANOV