Rahid Əmirquliyev: Bu məğlubiyyəti heç kim unuda bilməz - MÜSAHİBƏ
18.12.2010 - 00:07
Rahid Əmirquliyev: Bu məğlubiyyəti heç kim unuda bilməz - MÜSAHİBƏ
Ötən həftə “Neftçi”nin büdrəməsindən istifadə edən “Xəzər Lənkəran” “Gəncə” ilə oyunda qazandığı qələbə sayəsində turnir cədvəlində liderliyə yüksəlib. İndi əyalət təmsilçisi ən azı ilin sonuna qədər zirvədəki yerini qorumağa çalışır. Həftəsonu MOİK-lə qarşılaşacaq Mirça Rednikin yetirmələri 3 xal haqda düşünür. Komanda oyuna Bakıda hazırlaşır. Əhval-ruhiyyə isə yüksəkdir. Qalır əldə edilən liderliyi sona qədər qorumaq. Təbii ki, komandanın uğur qazanmasında pay sahiblərindən olan Rahid Əmirquliyev mövsümə bu məqsədlə start verdiklərini deyib.

- Əvvəlcə “Gəncə” ilə keçirilən oyun haqda danışardın...
- Çox ağır oyun oldu. “Gəncə” Lənkərandan xalla dönmək istəyirdi. Onlar meydana heç-heçə üçün çıxmışdılar. Buna görə də müdafiəyə daha çox qapanmışdılar. Təbii ki, belə olanda qol vurmaq çətin olur. Düzdür, imkanlarımız oldu. Lakin cəmi bir epizoddan istifadə edə bildik.

- Bu qələbə sayəsində “Gəncə”dən I dövrədəki məğlubiyyətin revanşını aldığınızı söyləmək olarmı?
- Gəncədə 1:4 hesabı ilə məğlub olmuşduq. Bu məğlubiyyəti heç kim unuda bilməz. Əsas odur ki, biz də onlara qalib gəldik. Yaxşı olardı ki, daha çox qol vuraq. Ancaq qələbə qələbədir. Fikrimcə, revanş aldığımızı söyləmək olar.

- “Xəzər Lənkəran” həmin qələbədən və “Neftçi”nin məğlub olmasından sonra liderliyə yüksəldi. Zirvədən ətraf necə görünür?
- Əlbəttə, birinci pillədə qərarlaşmaq yaxşı haldır. Elə bizim məqsədimiz də çempion olmaqdır. Çalışacağıq ki, mövqeyimizi sona qədər qoruyaq və qızıl medallara sahib olaq. Çətin olacaq. Lakin nəzərə almalıyıq ki, “Xəzər Lənkəran” yarandığı gündən daim çempionluq uğrunda mübarizə aparır. İndi xal fərqimiz elə də böyük deyil. “Neftçi”dən cəmi 2 xal artıq toplamışıq. Qarşıda 2 oyunumuz var. Sonra fasilə yaranacaq. Yeni ildə isə “Neftçi”, AZAL və “İnter” kimi iddialı komandalarla qarşılaşmamız olacaq. İstənilən halda, zirvədəki yerimizi qorumalıyıq.

- XVIII turda çempionatın autsayderi ilə qarşılaşacaqsınız. Necə düşünürsən, bu oyunda asan qələbə qazanacağınızı düşünmək olarmı?
- Bütün oyunlarda qələbə qazanmaq istəyirik. Rəqibin kimliyinin bizim üçün fərqi yoxdur. Baş məşqçi futbolçuların meydana arxayın çıxmaması üçün hər gün fərdi söhbətlər aparır, oyunun çətin keçəcəyini deyir. Bu gün MOİK autsayder olsa da, arxayınlaşmaq olmaz. Meydana asan qələbə qazanacağıq düşüncəsi ilə çıxsaq, bu bizə baha başa gələ bilər.

- Maraqlıdır ki, bu komanda ilə I dövrədə də Bakıda qarşılaşdınız və böyükhesablı qələbə qazandınız. Bakıda daha çox oyun keçirmək futbolçuları narahat etmir?
- Lənkəranda oynasaydıq, daha rahat olardı. Özünüz də bilirsiniz ki, orada azarkeş amili var. Stadiona daha çox azarkeş gəlir. Oyunlar tam fərqli ab-havada keçir. MOİK Lənkəranda oynamaq istəmədi. Ümumi götürdükdə, harada oynamağın fərqi yoxdur, əsas nəticə qazanmaqdır.

- 2010-cu ilə “Qarabağ”la oyunla yekun vuracaqsınız. Rəqib hazırda heç də yaxşı günlərini yaşamır. Bunun “Xəzər Lənkəran” üçün avantaj olduğunu söyləmək olarmı?
- “Qarabağ” da həmişə iddialı komanda olub. İndi ola bilsin, oyunları alınmır. Amma biz liderlə qarşılaşmaya çıxdığımız kimi çıxacağıq. Belə deyək də, hansısa rəqibin zəif çıxışının “Xəzər Lənkəran”a aidiyyəti yoxdur. Biz oyunumuzu oynamalı və arxayınlaşmamalıyıq. Həm də nəzərə almaq lazımdır ki, “Qarabağ” ilk “altılıq”da qalmaq niyyətindədir.

- Təxminən 12 gündən sonra 2010-cu il tarixin yaddaşına həkk olunacaq. Başa çatan ildə “Xəzər Lənkəran”ın çıxışını necə dəyərləndirirsən?
- Hazırda komanda birinci pillədədir. Bu bizi sevindirməyə bilməz. Amma mövsümə heç də uğurlu start verə bilmədik. Avropa Liqasının ilkin mərhələsində “Olimpiya” səddini keçə bilmədik. Bundan sonra komandada dəyişikliklər oldu. Yəni çempionatdakı çıxışımızı uğurlu saymaq olar.

- Bəs şəxsi həyatında və karyeranda 2010-cu il nə ilə yadda qaldı?
- Karyera baxımından, ili uğurlu saymaq olar. Çünki 90 dəqiqə oynayıram. Baş məşqçi mənə güvənir. Çalışıram ki, onun etimadını doğruldum. Eyni zamanda milli komandaya dəvət edilirəm. Şəxsi həyatımla bağlı heç nə deyə bilmərəm.

- Yorğunluq varmı?
- Psixoloji cəhətdən müəyyən qədər yorğunluq var. Ancaq fiziki planda heç bir problem yoxdur.

- Yeni ildə həm klubda, həm də yığmada səni çətin oyunlar gözləyir. Buna hazırsanmı?
- Hazır olduğumu deyə bilərəm. Qışda həm klub, həm də yığma səviyyəsində toplanışlar olacaq. Təbii ki, yükləmələrdə fəallıq göstərəcəyəm. Onda daha yaxşı hazır olacağam.

- Millidən söz düşmüşkən, yoldaşlıq oyunu çərçivəsində komandamız Danimarka ilə qarşılaşa bilər. Dünya çempionatının final mərhələsində oynamış komanda haqda nə deyə bilərsən?
- Danimarka millisi çox güclü komandadır, yaxşı futbolçuları var. Demək olar, millinin üzvlərinin əksəriyyəti Avropanın aparıcı klublarında oynayırlar. Bununla belə, bu cür rəqiblərlə qarşılaşmaq ancaq xeyrimizə olacaq. Təcrübə toplayacağıq.

- “Transfer pəncərəsi” yaxınlaşdıqca bəzi futbolçuların başqa klublara keçəcəyi ilə bağlı müəyyən söz-söhbət dolaşır. Sən necə, hansısa klubdan təklif almısanmı?
- Hələlik təklif yoxdur. “Xəzər Lənkəran”ın oyunçusuyam. Müqaviləm var. Özümü burda yaxşı hiss edirəm.

- Müqavilən nə vaxt başa çatacaq?
- 2012-ci ilin mayında.

Mənbə: "Futbol dünyası" qəzeti