“Çoxlu təkliflərim olsa, “Qəbələ” ilə 2 illik müqavilə imzalayacam” - FOTO
22.12.2010 - 15:03
“Çoxlu təkliflərim olsa, “Qəbələ” ilə 2 illik müqavilə imzalayacam” - FOTO
“Qəbələ” daha bir futbolçusu ilə yeni müqavilə imzalayacaq. Əyalət təmsilçisi müdafiəçilər – serbiyalı Lyubo Baranin və milliləşdirilən Sergey Sokolovun ardınca latviyalı qapıçı Pavel Doroşevlə də anlaşmanın müddətini uzadacaq.

Bu barədə apasport.az saytına açıqlamasında Doroşev bildirib ki, sabah “Bakı” ilə görüşdən sonra münasibətlər rəsmiləşəcək: “Artıq bununla bağlı razılıq əldə olunub. Həmin matçdan sonra Bakıya gələcəyəm. Klubumuzun baş ofisində 2 illik müqavilə imzalayacağam. Artıq 3-cü ildir “Qəbələ”dəyəm və özümü yaxşı hiss edirəm. Demək olar Azərbaycan futboluna böyük sərmayə qoyulan dövrdən burdayam. Hansısa ortabab, zəif yox, böyük iddiası, futbola pul qoyan, inkişafda olan klubdayam. “Qəbələ” əla baza, stadion tikdirir, böyük perspektivi var. Üstəlik, komandada 3 ildir əvəzedilmədən oynayıram. Elə isə niyə başqa kluba gedim?”

30 yaşlı qapıçının sözlərinə görə, başqa təklifləri varmış: “Özü də bunların sayı çox idi. Ya maliyyə şərtləri qane etmirdi, ya da nəyisə gözləmək lazım idi. Əgər səni klub prezidenti, baş məşqçisi istəyirsə, bu böyük əhəmiyyət daşıyır. Yəni, arxanda dayanırlar və onların etimadını doğrultmaq lazımdır. Yəqin ki, yeni müqaviləmin maddi tərəfi daha yaxşı olar”.

Mehman SÜLEYMANOV