“Qəbələ” birinci, “Çelsi” sonuncu
22.12.2010 - 15:28
“Qəbələ” birinci, “Çelsi” sonuncu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli çempionatların güclülər dəstəsində ən azı 660 dəqiqə qol buraxmayan qapıçılar üçün tərtib etdiyi siyahını 2010-cu ildə sonuncu dəfə açıqlayıb. Apasport.az saytının hesablamalarına görə, ötən illə müqayisədə cədvələ 6 yeni qapıçı daxil olub. Bunlar bitməkdə olan 2010-cu ildə ən yüksək göstəriciyə imza atan qolkiperləridir.

“Quru seriya”sı ötən turun AZAL-la oyununda qırılan “Qəbələ”nin qapıçısı Pavel Doroşev 952 dəqiqəlik nəticə ilə 2010-cu ilin rekordunu müəyyənləşdirib. 30 yaşlı latviyalı legioner ilin 12 ayı ərzində 660 dəqiqə səddini aşan sayca 6-cı və sonuncu olsa da, həmkarlarının hamısını qabaqlayıb. O, misirli Məhəmməd Xələfin rekordunu yeniləməklə, 2010-cu ilə öz damğasını vurub.

O da maraqlıdır ki, ilin 6 qəhrəmanı arasında yalnız Azərbaycan çempionatı 2 futbolçu ilə təmsil olunub. Belə ki, Doroşevin “Xəzər Lənkəran”dan olan həmkarı Kamran Ağayev də siyahıya bu il daxil olmuşdu. 2010-cu ilin “altılığ”ında ən məşhur sima isə “Çelsi”nin məşhur qapıçısı Petr Çexdir. Lakin o, ilin rekordçuları sırasında sonuncudur.

2010-cu ilin ən uzun quru seriyaları

1. Pavel Doroşev (“Qəbələ” Azərbaycan, Latviya) - 952
2. Məhəmməd Xələf (“İttihad”, Misir) – 783
3. Andrey Pyatov (“Şaxtyor”, Ukrayna) - 766
4. Kamran Ağayev (“Xəzər Lənkəran”, Azərbaycan) - 720
5. İvan Kelaya (“Dinamo” Zaqreb, Xorvatiya) – 690
6. Petr Çex (“Çelsi” İngiltərə, Çexiya) - 671