“Bunu “Gəncə” ilə ilk oyunda hiss etmişdik”
22.12.2010 - 18:02
“Bunu “Gəncə” ilə ilk oyunda hiss etmişdik”
“Bakı”nın oyununu uzun müddət təhlil etdik. Düşünürəm ki, bu amil qələbə qazanmağımızda az rol oynamadı. Futbolçular tapşırıqları çox ciddi şəkildə yerinə yetirdilər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

3 oyunluq qələbəsizlik seriyasını ötən turda “Bakı” ilə səfər oyununda qıran (2:1) son çempion 4-cü pillədə yerini qaytardı. Sxadadze ilk hissədə baş vermiş bəzi xətaları saymasaq, oyunun mənzərəsindən razı qalıb: “Uşaqlar savadlı oynadılar. Yaxşı oynamağımıza baxmayaraq, ardıcıl 3 turda qələbə qazana bilmirdik və bu baxımdan qələbə bizim üçün vacib idi. Birincisi, psixoloji planda özünəinamı yenidən qaytarmaq üçün qələbə lazım idi. Mən şadam ki, çoxdan gözlənilən qələbə baş tutdu. Bu qarşılaşmanın daha bir xüsusiyyəti ondan ibarət idi ki, hesabda geridə olduğumuz halda, görüşün gedişini dəyişdirməyi bacardıq və əzmkar qələbə qazandıq. Ötən mövsüm kifayət qədər dönüş matçlarımız olmuşdu. Ancaq bu, ilk dəfədir baş verir. Əzmkar qələbələr ikiqat vacibdir və ilk növbədə psixoloji planda mühümdür”.

Gürcü çalışdırıcını sevindirən digər xüsusiyyət belə bir mürəkkəb ilin sonunda komandasının funksionallığını saxlamasıdır: “Futbolçularımız 90 dəqiqəni eyni tempdə keçirməyi bacardı. Bu isə komandanın yaxşı fiziki hazırlığından, onun yüksək fiziki kondisiyalarından xəbər verir. Son 25 dəqiqə biz hərəkətdə “Bakı”nı üstələdik. Bütün bu aspektlər belə deməyə əsas verir ki, “İnter”in böyük potensialı var. Sadəcə, elə etmək lazımdır ki, potensial həmişə komandanın nəticələrində öz əksini tapsın”.

Sxadadze çətin oyundan sonra qısa müddətdə “Gəncə” ilə matça əla kondisiyalarla yaxınlaşmağa çalışacaqlarını bildirib: “Bu məqsədlə məşq prosesləri həyata keçiririk. Ağır oyundan sonra bərpa prosesləri aparırıq və futbolçulara yenidən meydanı hiss etmələrinə imkan yaradırıq. Mən klubun tibbi heyətindən çox razıyam, onlar tapşırıqlarının öhdəsindən yaxşı gəlirlər. Lakin futbolçuların buna yanaşmaları da çox vacibdir.

“Gəncə” I dövrədə “İnter”ə qalib gəlməyi bacardı (1:0). Bunu unutmayan baş məşqçi sabahkı ev oyununu asan saymır: “Qeyd etmək yerinə düşərdi ki, “Bakı” ilə qarşılaşma çox vacib olsa da, “Gəncə” ilə keçiriləcək oyun daha mühümdür. Ona görə ki, ötən şənbə əldə etdiyimiz nəticəni artırmaq lazımdır. “Gəncə” kifayət qədər tipik ev komandasıdır. Orada yaxşı futbolçular var. Onların hücum xətti xüsusilə fərqlənir, bunu biz hələ ilk matçda hiss etmişdik. O zaman ilk 10 dəqiqə ərzində qapımız qarşısında bir neçə qol vəziyyətləri yaratmışdılar ki, nəticədə bütün bunlar qola çevrildi. Bu, bizi müdafiəyə diqqətlə yanaşmağımıza vadar edir. Ancaq ilk növbədə topu saxlamaq və çox sayda hücum etmək lazımdır”.

Mənbə: inter.az