“AFFA-nın gördüyü işlər böyük nailiyyətlər qazanmağa hesablanıb”
24.12.2010 - 11:43
“AFFA-nın gördüyü işlər böyük nailiyyətlər qazanmağa hesablanıb”
Avropa ölkələrində monitorinq aparan FİFA-nın Avropada futbolun inkişafı üzrə meneceri Yeva Paskue bugünlərdə Bakıda səfərdə olub. Apasport.az saytının xəbərinə görə, xanım Paskue AFFA tərəfindən təşkil olunmuş milli komandaların ən yaxşı futbolçusunun mükafatlandırma mərasimində iştirak edib və burada Azərbaycan futbolunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə fikirlərini bildirib: “Tədbirdə iştirak etdiyimə görə böyük məmnunluq hissi keçirirəm. Azərbaycanda futbolun sürətlə inkişafından hamımız xəbərdarıq. AFFA-nın gördüyü işlər böyük nailiyyətlər qazanmağa hesablanıb. Təcrübəmə əsaslanıb deyə bilərəm ki, yaxın gələcəkdə komandalarınız beynəlxalq arenada layiqincə çıxış edəcək”.

Paskue 2012-ci ildə ölkəmizdə 17 yaşadək qızlar arasında keçiriləcək dünya çempionatı barədə də fikirlərini bildirib: “Təsadüfi deyil ki, 2012-ci ildə təşkil olunacaq 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı FİFA İcraiyyə Komitəsi qərar çıxarıb. Bu, AFFA-nın məqsədyönlü fəaliyyətinin nəticəsidir və biz inanırıq ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası dünya çempionatının təşkilatçılığını da yüksək səviyyədə həyata keçirəcək”.