Rauf Əliyev: Lənkəranda 2 top vurmaq, lap yerinə düşdü
24.12.2010 - 12:42
Rauf Əliyev: Lənkəranda 2 top vurmaq, lap yerinə düşdü
“Lənkəranda oynamaq həmişə çətin olub. O qədər azarkeş qarşısında mübarizə aparmaq həm də məsuliyyət tələb edir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun hücumçusu Rauf Əliyev deyib.

Unibank Premyer Liqasının XIX turunun sonuncu matçında “Qarabağ” səfərdə “Xəzər Lənkəran”ı yenib. Ağdam təmsilçisinin qələbə qazanmasında hər iki qolun müəllifi olan Rauf Əliyevin əməyi danılmazdır. Səfərdən 3 xalla döndüklərindən məmnun olduqlarını deyən gənc forvard bildirib ki, əslində, heç-heçə də onları qane edirmiş: “Xal qazanmaq istəyirdik. Ona görə heç-heçə də bizi qane edirdi. Ancaq 3 xal qazandıq. Bu qələbə ilk “altılıq”dakı mövqeyimizə də təsir göstərdi. Komanda indi beşinci pillədədir”.

Vurduğu qollar haqda danışmaq istəməyən millinin üzvü onları azarkeşlərə ithaf etdiyini deyib: “Dubl etdiyimə və ən əsası komandama qələbə qazandıran qollara imza atdığıma görə sevinirəm. Həm də Lənkəranda iki top vurmaq, lap yerinə düşdü. Bu qolları azarkeşlərə ithaf edirəm”.