Zohair Benouahi: Mən hələ potensialımı tam ortaya qoymamışam
24.12.2010 - 13:49
Zohair Benouahi: Mən hələ potensialımı tam ortaya qoymamışam
“Azərbaycana gələndə, daha çox harada oynayacağım haqda düşünürdüm. Gəlib gördüm ki, AZAL iddialı, yüksək yerlər uğrunda mübarizə aparan klubdur”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının AZAL klubunun futbolçusu Zohair Benouahi deyib.

PFL və Unibankın təsis etdiyi ayın oyunçusu mükafatının noyabr üçün ən yaxşısı seçilən mərakeşli hücumçu hələ bacardığını tam ortaya qoymadığını bildirib: “Bütün oyunlarda çalışıram ki, əlimdən gələni edim. Şükürlər olsun ki, oyunum alınır, vurduğum qollarla komandama kömək edə bilirəm. Ola bilər ki, oyunumuzu izləyənlər məni bəyənirlər. Lakin bu hələ tam potensialım deyil. Qarşıdakı, gələn il baş tutacaq görüşlərdə daha yaxşı oynamağa çalışacağam”.

Benuahi qazandığı mükafatın davamının gəlməsini də arzulayır: “Bu mənim Azərbaycanda ilk mükafatımdır. Əlimdən gələni edəcəyəm ki, növbəti aylarda da ən yaxşı adını qazanıb. Belə bir mükafatın təsis edildiyi üçün PFL və Unibanka təşəkkür edirəm. Çünki bu, futbolçular üçün əlavə bir stimuldur. Sorğuda mənə səs verənlərə də minnətdaram ki, oyunumu qiymətləndiriblər”.