Ən yaxşı azərbaycanlı bombardir müəyyənləşdi
24.12.2010 - 17:00
Ən yaxşı azərbaycanlı bombardir müəyyənləşdi
Ağdamın “Qarabağ” klubunun futbolçusu Rauf Əliyev Azərbaycan Premyer Liqasının cari mövsümünün bombardiridir. Apasport.az saytının hesablamalarına görə, 21 yaşlı hücumçu çempionatın qış fasiləsinə ən çox qol vuran yerli futbolçu kimi çıxdı. Rauf buna son turda “Xəzər Lənkəran” etdiyi dubldan sonra 7 qolla nail oldu. O, Lənkərandakı görüşdə həm komandasına vacib qələbə qazandıraraq (2:1) 5-ci pilləyə yüksəltdi, həm də azərbaycanlı futbolçular arasında 1-ci yerə yüksəldi.

Əslində Əliyev bunadək lider idi. Sadəcə, o, “Gəncə”nin hücumçusu Sabir Allahquliyevlə şərik idi, “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev də vurduğu qolların sayını 5-ə çatdırdı. Raufun dublu onu “Qəbələ”nin yamaykalı hücumçusu Deon Bartonla şərik etsə də, yerlilər arasında vahid lider olmağa imkan yaratdı. İndi yığmamızın hücumçusu bombardirlər yarışının bombardiri olan “Neftçi”nin özbək Bahodir Nasimova çatmağa səy göstərəcək.

Qeyd edək ki, ötən mövsüm çempionatımızın bombardiri Raufun yığmada hücumdakı tərəfdaşı Fərid Quliyev (16 qol) olub.

Azərbaycan Premyer Liqasının bombardirlər siyahısı (ən azı 5 qol vuranlar)

Bahodir Nasimov (Özbəkistan, “Neftçi”) – 15
Qvidas Yuşka (Litva, AZAL) - 9
Junivan Suares (Braziliya, “Gəncə”) – 9
Rauf Əliyev (“Qarabağ”) – 7
Deon Barton (Yamayka, “Qəbələ”) - 7
Georgi Adamiya (Gürcüstan, “Qarabağ”) – 6
Baçana Sxadadze (Gürcüstan, “Simurq”) – 5
Jaba (Braziliya, “Bakı”) - 5
Emil Mpenza (Belçika, “Neftçi”) - 5
Rəşad Abdullayev (“Neftçi”) – 5
Sabir Allahquliyev (“Gəncə”) - 5
Uinston Parks (Kosta-Rika, “Xəzər-Lənkəran”) - 5
Zohair Benouahi (Mərakeş, AZAL) – 5

Mehman SÜLEYMANOV