Azərbaycanlı məşqçilərə UEFA-nın ən yüksək diplomları verildi
25.12.2010 - 11:01
Azərbaycanlı məşqçilərə UEFA-nın ən yüksək diplomları verildi
Azərbaycanın iki futbol mütəxəssisi məşqçilikdə ən yüksək kateqoriya olan “Pro”nu alıblar. Apasport.az saytının məlumatına görə, “İnter”in və milli komandamızın sabiq məşqçisi Elxan Abdullayevlə “Qəbələ” klubunun sabiq çalışdırıcısı Ramiz Məmmədov Ukraynada UEFA diplomlarına sahib çıxıblar. Onlar Ukraynanın Futbol Federasiyasının (UFF) keçirdiyi “Pro” proqramı ilə bağlı kursların növbəti məzunları olublar. Həmyerlilərimizə müvafiq lisenziyaları aldıqlarını göstərən diplomları UFF-nın prezidenti Qriqori Surkis təqdim edib.

Abdullayevin “İnter”də birgə çalışdığı belaruslu keçmiş futbolçu Valenti Belkeviç məzunlar sırasında olub. Onlarla yanaşı, Aleksandr Qolovko (Ukraynanın yeniyetmələr ibarət yığmasının baş məşqçisi), Aleksandr Xatskeviç (Ukrayna millisinin məşqçisi), Viktor Qonçarenko (BATE-nin baş məşqçisi), Şota Arveladzeni (“Kayserispor”un baş məşqçisi) qeyd etmək olar.

Qeyd edək ki, 42 yaşlı Məmmədov “Qəbələ”ni 4 ilə yaxın çalışdırdıqdan sonra ötən mövsüm bitərkən ingilis Toni Adamsla əvəzləndi. 40 yaşlı Abdullayev isə 2 dəfə çempion olduğu “İnter”dən bu yay öz istəyi ilə getdi. Onlar “Pro”nu alan ilk məşqçilərimiz kimi adlarını futbol tariximizə yazdırdılar.