Elxan Məmmədov 2010-cu ili dəyərləndirdi
25.12.2010 - 12:25
Elxan Məmmədov 2010-cu ili dəyərləndirdi
“2010-cu ili futbolun inkişafı baxımından yüksək qiymətləndiririk. Bu il 2012-ci ildə 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatının final mərhələsinin Azərbaycanda keçirilməsinə nail olduq”. Apasport.az saytının xəbərinə görə, bunu “Trend”ə müsahibəsində AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Başa çatmaqda olan 2010-cu ilin yekunlarına dair açıqlama verən Məmmədov Azərbaycan yığmalarının reytinq cədvəlində yüksək yer tutmasını da uğur sayıb: “2 komandamız iki il bundan əvvəl 142-ci yerdə idisə, hazırda 101-ci yerdədir. Azərbaycan futbol tarixində ilk dəfə milli komandamız bu il 90-cı yerdə qərarlaşdı. İndi 208 ölkə arasında 98-ci yerdəyik. Bu da müsbət haldı”.

Baş katib bildirib ki, qarşıya qoyulan layihələr çox uğurla həyata keçirilir: “AFFA prezidenti Rövnəq Abdullayev qarşımıza məqsəd qoyub ki, futbolun inkişafı üçün AFFA 3 proiritetə diqqət yetirməlidir: təhsil, infrastruktur və kütləvi futbol. Hazırda hər üç istiqamətdə işimizi peşəkar səviyyədə qurmağa çalışırıq. İki il bundan qabaq Azərbaycanda 1500 futbolçu mütəmadi olaraq futbol oynayırdısa və AFFA-da qeydiyyatdan keçmişdisə, indi 14 mindən çox futbolçu qeydiyyatdan keçib və hər həftə AFFA-nın bayrağı altında müxtəlif turnirlərdə, liqalarda iştirak edirlər. Bu, tək futbolun inkişafı deyil, Azərbaycan xalqının sağlam həyat tərzinin təbliğidir”.

Baş katib futbol təhsili ilə bağlı da müəyyən işlərin görüldüyünü vurğulayıb: “Bildiyiniz kimi, 2008-ci ildə UEFA-nın A və B kateqoriyalı məşqçilərin kurslarını keçirməyə başladıq. UEFA bizə rəsmi olaraq bu kursların keçirilməsinə izacə verib. Azərbaycanda son üç ildə 250-dən çox məşqçi müxtəlif kateqoriyalı seminarlarda iştirak edib.

Məmmədov, həmçinin bildirib ki, 2008-ci ildən bu günə qədər AFFA tərəfindən 58 meydança istifadəyə verilib: “Bu, tək Bakıda deyil müxtəlif bölgələrdə həyata keçirilib. Bundan başqa, stadionlarda əsaslı təmir-bərpa işləri aparılıb. Bayıl qəsəbəsində 3 minlik stadionda təmir işləri görülüb, Mərdəkanda 5 min yerlik stadion inşa olunur, gələn il onun açılışında iştirak edəcəyik. "8-ci kilometr" adlanan ərazidə 12 min yerlik stadion inşa edilir. 2012-ci ildə, yəni dünya çempionatına qədər stadion istifadəyə veriləcək”.