“Muğan” stadionunun qazonunu dəyişdirir
25.12.2010 - 13:05
“Muğan” stadionunun qazonunu dəyişdirir
Salyanın “Muğan” klubu ev oyunlarını keçirdiyi Olimpiya İdman Kompleksinin stadionunda yenidən qurma işləri görəcək. Bu haqda apasport.az saytına məlumat verən klubun vitse-prezidenti Bəhruz Şirəliyev meydançanın qazonunun vəziyyətini yaxşılaşdıracaqlarını bildirib: “Artıq bu gündən işə başlanılır və ot örtüyü dəyişdiriləcək. Əslində meydança düzdür, sadəcə, qazon bərbad vəziyyətə düşüb. Çalışacağıq ki, çempionatımızdakı iki aylıq fasilədə işləri başa çatdıraq. İlk mərhələdə bir ev oyunumuz qalıb. Bu da fevralın 20-də “Qəbələ” ilədir. Əgər işləri həmin vaxta kimi yekunlaşdıra bilməsək, ola bilsin ki, bu görüşü başqa yerdə keçirək. Ancaq “altılıq” oyunlarını öz stadionumuzda, daha yaxşı qazona malik meydançada keçirəcəyik. Mən deməzdim ki, öz meydanımızda daha çox xal qazanmağımız qazon amili, rəqiblərin ora uyğunlaşmamağı ilə bağlıdır. Hesab edirəm ki, bu, elə də rol oynamır”.

Qeyd edək ki, “Muğan” cari mövsümdə evdə ən az uduzan komandalardır. O, öz meydanında yeganə məğlubiyyətini lider, qış çempionu “Neftçi”dən alıb – 0:3.

Mehman SÜLEYMANOV