“Mənim qadınlarla dostluğum alınır”
26.12.2010 - 00:03
“Mənim qadınlarla dostluğum alınır”
Azərbaycan yığmasının və “Neftçi” klubunun hücumçusu Fərid Quliyevin apasport.az saytına müsahibəsi

- Hazırkı vəziyyət darıxdırıcı deyil?
- Belə deyək də, əsas komandadan kənarlaşdırılsam da, əvəzedicilərin məşqlərinə qatılıram, oyunlarda iştirak edirəm. Çalışıram ki, oyun təcrübəsi baxımından əziyyət çəkməyim. Həm də formamı qorumalıyam. İşlər istədiyim kimi getmir, amma nə etmək olar? Az vaxt qalıb.

- Necə düşünürsünüz, zirvəyə qalxmaq asandır, yoxsa orda qalmaq?
- Məni nəzərdə tutursunuzsa, əlbəttə, zirvədə qalmaq daha çətindir. Yüksəlmək nə qədər asan deyilsə, orda durmaq ondan qat-qat artıq məsuliyyət tələb edir. Çünki zirvəyə yüksələn zaman başqa qüvvələrlə də mübarizə aparmalı olursan.

- Əsas nə lazımdır?
- Futbolçu daim üzərində işləməli, arxayınlaşmamalıdır. Əksinə, inkişaf etməli, oyununu yaxşılaşdırmalıdır. Bu gün yığmada və ölkənin ən güclü klubunda oynayıram deyib, yerində saymamalıdır. Onda problemlər ortaya çıxır. Hətta yerini də itirirsən.

- “Neftçi”nin əsas komandasından kənarlaşdırıldınız, transferə çıxarıldınız. Komanda tapana qədər isə əvəzedici heyətdə məşq etməyinizə şərait yaradıldı. Təbii ki, bu sizin üçün ağır zərbə oldu. Bu cür vəziyyətlərdə insanda müəyyən bir ruh düşkünlüyü yaranır. Onda daha çox kimə sığınırsınız, dərdinizi kiminlə bölüşürsünüz?
- Təbii ki, bu cür vəziyyətlərdə insanın sığına biləcəyi ailəsidir. Mən də ailəmə sığınmışam, dərdimi onlarla bölüşürəm.

- İstədiyiniz dəstəyi ala bilirsinizmi?
- Əlbəttə, ailəm, dostlarım ruhdan düşməməyə, səbirli olmağa çağırırlar. Bu hər bir futbolçunun yaşaya biləcəyi vəziyyətdir.

- Sizcə, arxada qalan müddətdə səhvləriniz çox olub?
- Yaşım elə də çox deyil. Həm də heç kim səhvdən sığortalanmayıb. Hamının yanlışları da olur, doğruları da. Çalışıram ki, maksimum dərəcədə səhv addım atmayım.

- Elə vaxt olur ki, düşdüyün vəziyyətə görə özünü cəmiyyətdən qısa müddətə olsa da, təcrid eləməyə çalışırsan. Bu cür halla qarşılaşmısınız?
- Xeyr, bu haqda düşünməmişəm. Futbol elə oyundur ki, gərək məşq edəsən, məşqçilərlə ünsiyyətdə olasan. Düzdür, 2-3 gün əvəzedici komandada məşq etməyi istəmədim. Ancaq sonradan bununla razılaşdım. Baş verənləri yavaş-yavaş unutdum.

- Boş vaxtlarınızı səmərəli keçirmək üçün nə edirsiniz?
- Çox vaxt evdə oluram. İmkan düşəndə, dostlarımla çay evinə yollanırıq. Təbii ki, söhbət mövzumuz da futbolla bağlı olur.

- Gəzməklə aranız necədir?
- Hərdən kinoteatra gedirəm.

- Daha çox hansı kinoteatra getmisiniz?
- “Azərbaycan” kinoteatrına.

- Hansı janrda çəkilmiş filmləri izləməyi xoşlayırsınız?
- Demək olar, bütün janrlarda çəkilmiş filmlərə baxıram.

- Azərbaycan filmləri ilə aranız necədir?
- Yaxşı. Ancaq onların əksər hissəsi sovet dövründə çəkilib və izləmişik. Son vaxtlar yeni filmlər çəkilmir və ya çəkilibsə də, çox az saydadır.

- Sonuncu dəfə kinoteatrda hansı filmi izləmisiniz?
- (fikirləşir) “Harry Potter”.

- Aktyorlardan hansını bəyənirsiniz?
- Leonardo di Kaprio.

- Özünüz nə vaxtsa aktyor olmaq haqda düşünmüsünüz?
- Xeyr, ancaq futbol haqda düşünmüşəm.

- 2010-cu il yekunlaşmaq üzrədir. Başa çatan ili necə dəyərləndirərdiniz?
- Bu il mənim üçün uğurlu oldu. Yığma komandaya dəvət edildim və ilk qolumu vurdum. “Standard”ın heyətində ölkə çempionatının bombardiri oldum. Yayda isə Azərbaycanın ən köklü klubu olan “Neftçi”yə transfer olundum.

- 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Necə düşünürsünüz, bu gün futbol ictimaiyyəti həmrəydirmi?
- Əlbəttə. Bir neçə gün əvvəl AFFA Milli komandaların ən yaxşı futbolçularının mükafatlandırlması mərasimini keçirdi. Demək olar, futbol ictimaiyyəti ora toplaşmışdı. Bu da həmrəyliyimizdən xəbər verir.

- Şəxsi həyatınızda hansısa yenilik var?
- Yenilik deyəndə, yəqin ailə qurmağımı nəzərdə tutursunuz. Hələ subayam.

- Subaylıq sultanlıqdır?
- Ailə qurmaq haqda düşünürəm. Amma tezliklə yox.

- Subay olmağınızdan istifadə edən fanatlarınız varmı?
- (gülür) Yalan deyərəm.

- Deyirsiniz ki, sizə sevgisini bildirən olmayıb?
- Olub, ancaq fikir vermirəm.

- Filmləri izləməyi sevdiyinizi dediniz. Bəs kitab oxumağa marağınız varmı?
- Xeyr. Çünki səbrim çatmır.

- Kinoya tək gedirsiniz?
- Dostlarımla, rəfiqələrimlə.

- Amma bu da faktdır ki, kişi ilə qadının dostluğu uzun sürmür?
- Baxır, kimdə, necə? Məndə qadınlarla dostluq alınır.

- Siyasətə meyllisinizmi?
- Çalışıram ki, siyasətdən uzaq durum.

- Arzunuz nədir?
- Bu haqda düşünməmişəm. Real olan şeylər haqda düşünmüşəm və ona doğru getmişəm. Çalışıram ki, yığma komandada yaxşı nəsə edim.

- Karyeranızı pula qurban verərsinizmi?
- Yox, deyə bilmərəm. Şərtlərdən çox şey asılıdır. Elə vəziyyət ola bilər ki, pul cəhətdən sərf etməsin, ancaq karyera baxımından sərfəli olsun, onda razılaşaram. Yəni vəziyyətdən çox şey asılıdır.