“İstiqlal”ın prezidenti: Tacikistanla Azərbaycan futbolu müqayisəyə gəlmir - MÜSAHİBƏ
27.12.2010 - 13:40
“İstiqlal”ın prezidenti: Tacikistanla Azərbaycan futbolu müqayisəyə gəlmir - MÜSAHİBƏ
Azərbaycan çempionu “İnter”in “Birlik kuboku” turnirində rəqibi olan Tacikistanın “İstiqlal” klubunun prezidenti Şoxrux Saidovun apasport.az saytına müsahibəsi

- “Birlik kuboku” turnirinə hazırlığınız necə gedir?
- Normal. Dekabrın 20-dən məşqlərə başlamışıq. Komandamız turnirə Kazanda hazırlaşacaq. Ora yanvarın 3-də yollanacağıq. Futbolçularımız Kazanda sintetik meydançada məşq edəcək. Bu, “Birlik kuboku”nda sintetik meydançalara daha yaxşı uyğunlaşmaqla bağlıdır. 10 günlük təlim-məşq prosesində 2-3 yoxlama oyunu keçirməyi planlaşdırmışıq.

- Baş məşqçiniz Əlimcan Rafikov postunda qalır?
- Bəli. Biz onun işindən razıyıq. Rafikovla ilin sonunadək olan müqavilənin müddətini artırmağı razılaşdırmışıq. O, növbəti il də postunda qalır.

- Qrupunuzu necə dəyərləndirərdiniz?
- Şükür Allaha, elə də güclü qrupa düşməmişik. Axı ilk dəfədir “Birlik kuboku”nda çıxış edəcəyik. Biz debütant olduğumuzu bilirik və qrupu normal sayırıq.

- Rəqibləriniz, konkret “İnter” haqda hansı məlumata maliksiniz?
- Açığı, çox az. Saytlarda olan məlumatları izləyirik. Deyirlər ki, Bakının “İnter” klubu güclü komandadır. Heyətində çoxlu legionerlər var. Ancaq indi çempionatda ilk pillələrdə deyil. Digərləri haqda elə də çox informasiyamız yoxdur. Deyilənə görə, bizim klublarla eyni səviyyədədirlər. Moldovanın “İskra-Stal” klubunun baş məşqçisi ilə yollarını ayırdığını, Qırğızıstanın “Neftçi” klubunun isə ən yaxşı bombardirinin xidmətindən cəza üzündən istifadə etməyəcəyindən xəbərdarıq. Ancaq bu informasiyalarla klubların real gücləri ilə arasında böyük fərq var. Rəqiblərimizin oyunları olan videokassetləri əldə etməyə çalışacağıq.

- “İnter”i qrupun, eləcə də turnirin favoriti sayırsınız?
- Bəli. Bizdən güclü, yaxşı perspektivli komandadır. Rəqiblərimiz haqda böyük informasiya olmadığından, bunu toplamaqla məşğuluq.

- Turnirdə qarşıya hansı vəzifə qoymusunuz?
- Sözsüz ki, qrupdan çıxmağa çalışacağıq. Hesab edirəm ki, qrupumuzun favoriti olan “İnter”i çıxmaq şərti ilə digər üç komandanın 1/4 finala çıxmaq şansı bərabərdir.

- “Birlik kuboku” öncəsi heyətinizi gücləndirəcəksiniz?
- Əlbəttə. Bir neçə futbolçu almağı planlaşdırırıq. Yeni futbolçuların adlarını açıqlasam, keçidləri baş tutmaya bilər. Müqavilə bağladığımız zamanı təqdim edəcəyik. Onlar yerli futbolçular olacaq. Ancaq biz konkret “Birlik kuboku” üçün yox, əsasən yeni çempionat, mövsüm üçün güclənəcəyik. Ancaq itkilərimiz də olacaq.

- Sizcə, “Birlik kuboku” lazımdırmı?
- Sözsüz ki, lazımdır. Postsovet məkanı ölkələrinin qatıldığı turnir çox maraqlı və lazımlı turnirdir. Tacikistan klubları nadir hallarda belə səviyyəli turnirdə çıxış edir. Bu baxımdan “Birlik kuboku” bizə beynəlxalq təcrübə yığmaq üçün yaxşı imkandır.

- Klubunuzun büdcəsi haqda nə deyə bilərsiniz?
- Tacikistan üçün normaldır. Deyərdim ki, yetərincədir.

- Büdcə konkret nə qədərdir?
- Təxminən 3 milyon dollar.

- Bu baxımdan bizim komandalara uduzursunuz. “İnter” daha çox xərcləyir...
- Bilirəm. Futbolçularımız sizin çempionatda oynayanlardan qat-qat az qazanır. Ancaq Tacikistanla Azərbaycan futbolu müqayisəyə gəlmir.

- Sizcə, maddi amillər böyük rol oynayır?
- Əlbəttə, əsas futbol oynamaqdır.

- Komandanızda ən bahalı futbolçu nə qədər məvacib alır?
- 50 min dollar.

- 1 ilə?
- Yox. İmzaladıqları 2-3 illik müqaviləyə görə.

- Bizdə isə futbolçular 1 ilə orta hesabla 200-300 min dollar alırlar...
- Sizdə futbol başqadır, bizdə başqa.

- Maddi durumlar arasında fərq böyükdür. Bu baxımdan klublarımıza futbolçu satmaq sizə çox sərfəlidir. Gələcəkdə bunu etmək istərdiniz?
- İndidən deyə bilmərəm. Təklif olsa, baxarıq.

Mehman SÜLEYMANOV