Naci Şensoy: Arsen Vengerin etdiyini mən də reallaşdıracağam
27.12.2010 - 15:56
Naci Şensoy: Arsen Vengerin etdiyini mən də reallaşdıracağam
“Komandanın keçmiş ruhunu, şöhrətini özünə qaytarmağa çalışacağıq. Tovuzluların ən böyük fəxri “Turan” idi. Rayonda olarkən, azarkeşlərlə görüşdüm. Onlar məndən komandanın əvvəlki şöhrətini özünə qaytarmağımı istədilər. Əlbəttə, məqsədim Azərbaycan futboluna xeyir verməkdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Tovuzun “Turan” klubunun baş məşqçisi postuna qayıdan Naci Şensoy deyib.

3-cü dəfə bu posta təyin edilən türkiyəli mütəxəssislə “6 ay +1 il” şərti ilə müqavilə imzalanıb. Şensoy cari mövsümdə əsas məqsədin komandanı Premyer Liqada saxlamaq olduğunu bildirib: “Maya qədər buna nail olacağımıza inanıram. Eyni zamanda, paralel olaraq gələn mövsüm ilk “altılıq” uğrunda mübarizə aparacağımız heyəti qurmağa çalışacağıq. Tovuzda olan istedadlı uşaqların xidmətindən yararlanacağıq. Bəli, indi şərait dəyişib. Baxın, bir vaxtlar İngiltərə çempionatında oyunlar müdafiədən hücuma top ötürmək üzərində qurulmuşdu. Onlar uğuru bunda axtarırdılar. Ancaq kənardan dəvət edilən məşqçilər müəyyən dəyişiklik etdilər. Arsen Vengeri misal çəkə bilərəm. O, gənc və istedadlı futbolçuları yetişdirib, baha qiymətə satmaqla kluba pul qazandırır. Bu paralelliyi mən də “Turan”da reallaşdıracağam”.

Şenyoy çempionluq uğrunda mübarizə aparacaqlarını söz verə bilmədiyini söyləyib: “2004/05 mövsümündə bunu reallaşdıra bilərdik. Ancaq indi klublar çox dəyişib. O vaxt 5 futbolçu yetişdirib, U-21 və digər aşağı yaşlı yığmalara qazandırdıq. “İnter”lə paytaxtda keçirdiyimiz oyunda qapını təcrübəli Oleq Belyakova deyil, 19 yaşlı Kamran Ağayevə tapşırdım. Həmin qarşılaşmada iki qol məhz onun kobud səhvindən vurulub. Hətta ona şans verdiyimə görə, məni mətbuat nümayəndələri də qınayırdılar. Kamran indi yığmada oynayır. Onu “Beşiktaş” transfer etmək istəyir. Fikrimcə, Kamran İker Kasilyasdan daha yaxşı qapıçıdır.
Bu gün klub rəhbərliyi ilə bir hədəf qurmuşuq. Klubumuzda 500 uşaq məşq edir”.

Transfer çalışmalarına həssaslıqla yanaşan çalışdırıcı bundan səhv etməməyi qeyri-mümkün sayır. O, əvvəl olduğu kimi səviyyəli legionerləri gətirməklə, gənclərin onlardan nəsə öyrənməsinə şərait yaradacaq: “Transfer işlərində 80 faiz düzgün addım atsaq, deməli, işlər qaydasındadır. Ancaq bu gün “Qalatasaray”da bunun əksini görürük. Transfer çalışmaları zamanı 80 faiz yanlışlığa yol verilib. Əvvəlki illərdə Asen Nikolov, Daribor Draqiç kimi futbolçuları heyətə qatmaqla, gənclərin onlardan nəsə öyrənməsinə şərait yaratdıq. Bu dəfə də belə edəcəyik. Mən düşündüyümü hər zaman ortaya qoyuram. Kimsə fikrimi söyləməyimə qarşı çıxa bilməz. Fikrimcə, bu mövsüm çempionluq uğrunda mübarizə “Neftçi” və “Xəzər Lənkəran” arasında gedəcək”.

“Turan” yanvarın 3-də bir araya gələcəyi Tovuzda 11-12 gün fiziki hazırlıq üzərində işləyəcək. Yanvarın 16-dan 30-a qədər isə Antalyada təlim-məşq toplanışı keçəcək komanda orada daha çox taktiki hazırlığa və yoxlama oyunlarına diqqət yetirəcək: “Köməkçilərimə gəldikdə, peşəkar məşqçi kimi hara getmişəmsə, öz briqadamla getmişəm. 2004-cü ildə də belə olmuşdu. Ancaq bugünkü şərtləri nəzərə almaq məcburiyyətindəyəm. Qısacası, Tovuzdan tanıdığım məşqçilərlə işləyəcəyəm. Seleksiya ilə bağlı rəhbərliklə söhbətimiz olacaq. Şərtlərimizə uyğun futbolçular seçəcəyik. İndidən nəsə deyə bilmərəm”.