Millimizlə oyuna buraxılmayan futbolçular ən yaxşı seçildilər
27.12.2010 - 18:27
Millimizlə oyuna buraxılmayan futbolçular ən yaxşı seçildilər
Bu il Azərbaycan millisi ilə yoldaşlıq görüşlərinə buraxılmayan futbolçular ölkələrində fərqləndirilib. Apasport.az saytının məlumatına görə, Qoran Pandev Makedoniyada, Mirko Vuçinin Çernoqoriyada ilin ən yaxşı futbolçusu seçilib.

İtaliya A seriyasında oynayan, yığmalarının kapitanları olan hücumçular vaxtilə eyni ölkəni – keçmiş Yuqoslaviyanı təmsil ediblər. “Roma”da oynayan Vuçiniç 4-cü dəfə Çernoqoriyanın ən yaxşı futbolçusu olur. O, bunadək 3 il dalbadal - 2006, 07, 08-ci illərdə birinciliyə layiq görülüb.

Bu il “İnter”lə 5 mükafat qazanan – ölkə çempionu, kubok, Superkubokun sahibi, Çempionlar Liqasının qalibi, klublar arası dünya çempionu olan Pandev isə vətənində jurnalistlər, ekspertlər və azarkeşlər arasında keçirilən sorğuda qalib gəlib. O, millimizə qarşı oynayan yığmasının müdafiəçiləri - Nikolçe Noveski (“Maytns”) və Qoran Popovu (“Dinamo”, Kiyev) qabaqlayıb.

Qeyd edək ki, Qoran yığmamızla bu ilin mayın 29-da Avstriyada, Mirko isə noyabrın 17-də Çernoqoriyadakı yoldaşlıq görüşlərinə çağırılmışdı. Ancaq yığmadakı baş məşqçiləri onları qoruyaraq, yığmamızla oyuna buraxmadı.