AFFA 5 klubu cəzalandırdı
28.12.2010 - 13:29
AFFA 5 klubu cəzalandırdı
AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Unibank Premyer Liqasının XIX turunun oyunlarında qeydə alınan xoşagəlməz hadisələr müzakirə olunub və uyğun qərarlar verilib.

“Qəbələ” – “Bakı” görüşündə hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onlar hərəyə 1000 manat cərimə olunublar. Oyunun 71-ci dəqiqəsində “Bakı”nın məşqçisi Aleksandr Polkin texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb və klubunu 1000 manat ziyana salıb.

“Muğan” – AZAL matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri də 1000 manat ödəməli olacaq. Oyunun 90+4-cü dəqiqəsində “Muğan”ın futbolçusu Cavad Mirzəyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu futbolçu 1 oyunluq cəzalanıb və komandası 200 manat cərimələnib.

“Xəzər Lənkəran” – “Qarabağ” oyununda qonaqlar 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə ödəməli olacaq. Matçın 13-cü və 72-ci dəqiqələrində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.