“Neftçi” fikrini dəyişdi
29.12.2010 - 00:02
“Neftçi” fikrini dəyişdi
“Neftçi” qış fasiləsində qapıçı transfer etməyəcək. Bu barədə apasport.az saytına komandanın prezidenti Sadıq Sadıqov məlumat verib. Onun sözlərinə görə, bu mövqeyə yeni futbolçu almaq fikrindən daşınıblar.

“Neftçi” şərəfini qoruyan, Litva yığmasının qapıçısı Paulius Qribauskas I dövrənin sonunda ağır zədələnərək, cərrahiyyə əməliyyatı olundu. Bundan sonra qapıda təcrübəli Rauf Mehdiyev dayandı ki, onun əvəzləyicisi gənc Elçin Sadıqovdur.

Pauliusun 3-4 aydan sonra sıraya dönəcəyi deyilsə də, onun bərpasının daha sürətlə getdiyi məlum olub. Sadıqov buna görə daha bir legionerə ehtiyac duymadıqlarını bildirib: “Qribauskas haqda xoş xəbər aldıq və bu son məlumatı sizə çatdırmaq istəyirəm. Paulius “altılıq” oyunlarında bizə kömək edəcək. Onun həmin vaxta kimi durumu tam düzələcək. Qribauskas Türkiyədə 2-ci hazırlıq mərhələmizə qatılacaq. Gördüyünüz ki, Rauf bu gün “Neftçi”də öz sözünü deyir. O, doğrudan da ümidlərimizi doğruldur. Belə olan halda, ikinci legioner qapıçını gətirilməsi o qədər məqsədəuyğun deyil”.

Qribauskasın mövsümün sonuna qədər müqaviləsinin olduğunu bildirən Sadıqovun sözlərinə görə, bu mövsüm 2 qapıçının xidmətindən yararlanacaqlar: “Bundan sonra bir şey fikirləşərik”.


Mehman SÜLEYMANOV