Məşqçi gündəliyi: Kreslosu laxlayanlar az deyil
29.12.2010 - 00:14
Məşqçi gündəliyi: Kreslosu laxlayanlar az deyil
Futbol məşqçisi olmaq hər nə qədər cəlbedici peşə olsa da, bu işin məsuliyyəti olduqca böyükdür. Təsadüfi deyil ki, əksər hallarda komanda qələbə qazananda heç çalışdırıcının adını dilə gətirən də olmur. Hamı hansısa oyunçunun vurduğu gözəl qoldan və ya sərgilədiyi gözəxoş futboldan danışır. Amma elə ki, azacıq uğursuzluq oldu, o dəqiqə yapışırlar baş məşqçinin boğazından.

Komandaya sözün əsl mənasında rəhbərlik etmək çətin məsələdi. Hər yerindən duran bu işin öhdəsindən gələ bilməz. Düzdü, məşqçilik kurslarına qatılıb, asanlıqla C, B, A, hətta Pro kateqoriyası almaq olar. Amma bununla iş bitmir axı. Bu sənəti dərindən bilməsən, incəliklərindən xəbərdar olmasan, nəticə qazanmaq bir yana, kollektivi necə idarə edərsən?

Hazırda ölkəmizdə 3 yerli mütəxəssis - Yunis Hüseynov, Ramiz Məmmədov və Elxan Abdullayev Pro kateqoriyasına sahibdi. Amma hamı bilir ki, onların üçü də işsizdi. Düzdü, Ramiz bəy hazırda "Qəbələ"də məşqçi kimi çörəkpulu qazanır, amma əvvəl baş məşqçi qismində fəaliyyət göstərən Məmmədov bunu "əlimdə işim var" deyə qəbul etməməlidi və yəqin ki, etmir də.

Sözümüzün canı odu ki, kateqoriyaya qalsaydı, məsələn, Hüseynov "İnter"in, Abdullayev "Xəzər Lənkəran"ın, Məmmədov isə "Qəbələ"nin baş məşqçisi olardı. Hər halda, klub rəhbərləri də ağılsız insanlar deyil. Məqsədəuyğun saysaydılar, elə onlardan birini götürərdilər. Daha gedib, Kaxaber Sxadadzeyə, Mirça Rednikə ağız açıb, pul xərcləməyə nə gərək vardı?

Hazırda Premyer Liqa təmsilçilərinin yarısına əcnəbilər, yarısına isə yerli mütəxəssislər rəhbərlik edir. Özü də maraqlıdı ki, qış fasiləsinədək formalaşan "altılıq"larda da balans bərabərdi. Həmyerlilərimizin "sükanı arxasında" olduqları "Neftçi", AZAL və "Qarabağ" ilk, "Gəncə", "Muğan" və MOİK isə ikinci "altılıq"da qərarlaşıb. Yadellilərə həvalə olunan kollektivlərə gəlincə, "Xəzər Lənkəran", "İnter" və "Qəbələ" final mərhələsində mükafatlar uğrunda mübarizə aparmağa iddialıdı. "Bakı"nın da ilk "altılığ"a düşmək imkanı olduğu halda, "Turan" və "Simurq" üçün bu hədəf əlçatmazdı.

Yeri gəlmişkən, geridə qoyduğumuz 19 turdan sonra baş məşqçi dəyişikliyinə əl atan 2 komanda var: "Turan" və "Muğan". Özü də Tovuz təmsilçisi ötən 5 ay ərzində 2 dəfə bu işə qol qoyub. Amma mövsümün sonunadək bu siyahı genişlənə bilər. Necə?

Gəlin, Premyer Liqa təmsilçilərinin qış fasiləsinədək olan çıxışlarını gözdən keçirək. O zaman kimlərin yol üstündə olduğunu, kimlərin isə kreslosunda yerini bərkitdiyini bərabər görəcəyik.

Neftçi. Ötən mövsümün sonlarında Vaqif Sadıqovun istefasından sonra əvəzediciləri əsas komandaya dəyişən Arif Əsədovun bu postda qalıcı olacağına çox az adam inanırdı. Amma yeni formalaşan rəhbərlik onunla yola davam qərarı aldı. Lakin yenə də mövsümün əvvəlində çoxları güman edirdi ki, Arif bəydən xilaskar çıxmaz və "Neftçi" bataqlığın dərinliyinə enməkdə davam edəcək. Proqnozlar özünü doğrultmadı və "ağ-qaralar" fasiləyə qış çempionu kimi yollanmağı bacardılar. Komandanın sonadək mövqeyini qoruyub-qorumayacağı başqa söhbətin mövzusudu. Fakt budu ki, "Neftçi" hazırda bütün rəqiblərini qabaqlayır və uğurun memarı məhz Əsədovdu.
Hazırkı duruma əsəsən deyə bilərik ki, Əsədovun işini itirmək qorxusu yoxdu. Amma sabah nə olacağı heç kimə bəlli deyil. Biz hələ Arif bəyin rəhbəri olduğu qalib "Neftçi"ni görürük. Kim bilir, bəlkə "ağ-qaralar" bir az büdrəyən kimi rəhbərlik "günah keçisi" qismində məhz onu önə çəkəcək.

Xəzər-Lənkəran. Lənkəranlı azarkeşlər Mirça Rednikdən bugünə kimi istefaya səsləməyiblərsə, demək hər şey qaydasındadı. Çünki doğma komandalarının çıxışına çox həssas yanaşan cənublu fanatlar uzağı iki oyun gözəxoş futbol və nəticə
görməyən kimi baş məşqçiyə üsyan edirlər. Buna əmin olmaq üçün Rasim Kara, İqor Ponomaryov, Ağasəlim Mircavadov olan dönəmlərə boylanmaq kifayətdi.
Son zamanlar "Xəzər-Lənkəran"da baş məşqçi dəyişikliyinə gedilməsi vərdiş halını alıb. Lakin Rednikin nəticədən asılı olmayaraq, ən azı növbəti mövsümdə də "ağ-yaşıllar"a rəhbərlik edəcəyini düşünürük.

AZAL. Hər kəsi yaxşı mənada ən çox təəccübləndirən komanda "təyyarəçilər"di. Hər halda, komandanın mövcud heyətlə 3-cü pillədə qərarlaşması böyük uğurdu. AZAL-ın inamlı çıxışını Nazim Süleymanov amili ilə əlaqələndirmək daha doğru olar. Çünki o, əlindəki materialdan çox yaxşı bəhrələnir. Üstəlik, oyunçu kəşf etmək qabiliyyəti də yerindədi. Qvidas Yuşka və Zoahir Benouahi kimi futbolçular bina misal ola bilər.
Əsədovla Rednik kimi, Süleymanovun da işini itirmək ehtimalı hazırkı anda yox dərəcəsindədi. Lakin onun etimad limiti elə də böyük deyil. Çünki AZAL rəhbərliyi gözlənilməz qərarlar çıxartmağı sevir.

İnter. Komandaları "üçlük"də qərarlaşan mütəxəssislərdən fərqli, Kaxaber Sxadadzenin işləri fənadı. Artıq mövsümün gedişində onun istefası bir neçə dəfə gündəmə gəlib. Cari çempionatda özünə bənzəməyən "İnter" üçün 4-cü pillə alışdığı yer deyil. Son illər bir qayda olaraq, "bankirlər" rəqiblərinə yuxarıdan aşağı baxıb. Lakin indi vəziyyət dəyişib və bu, təkcə baş məşqçi amili ilə əlaqədar deyil.
Artıq dünənə kimi pula pul deməyən "İnter" yoxdu. Çempionun maddi sıxıntılar keçirdiyi hamıya bəllidi. Amma bunu qabartmaq rəhbərliyə sərf etmədiyindən uğursuz çıxışın bədəlini əvvəl-axır birinə ödədəcəklər. Və əlbəttə ki, bu "bəxtsiz cavan" Sxadadze olacaq.

Qarabağ. Ağdam təmsilçisinin azarkeşləri komandanın hazırkı imicinə, qazandığı şöhrətə görə yalnız Qurban Qurbanova minnətdar olmalıdılar. Çünki məhz o, sözün əsl mənasında "Qarabağ"ı "Qarabağ" etdi. Komanda artıq ardıcıl iki mövsümdü ki, Avroliqanın qrup mərhələsinin bir addımlığına gəlir və qazandığı qələbələrlə bizə adət etmədiyimiz sevincli anlar yaşadır. Amma Qurbanovun ən böyük xidməti bu deyil. Dünənə kimi Maksim Medvedevi, Əfran İsmayılovu, Rauf Əliyevi kim tanıyırdı? Bu futbolçular məhz Qurbanovun əlinin altında yetişib, yığmamızın aparıcı üzvlərinə çevrildilər. Vüqar Nadirov, Rəşad Sadiqov, Elvin Məmmədov, Elnur Allahverdiyev kimi futbolçular millinin heyətində yer aldıqları üçün məhz Qurban bəyə minnətdar olmalıdılar.
Bəli, "Qarabağ" hazırda ölkə çempionatında yaxşı çıxış etmir və ilk "altılıq"dan kənar qala bilər. Amma bu, Qurbanovu istefaya göndərməyə, hətta bu barədə düşünməyə əsas vermir. Düzdü, bir ara kimlərsə onun istefa məsələsini gündəmə atmışdı. Amma rəhbərlik səhvə yol vermədi və baş məşqçinin arxasında durdu.

Qəbələ. Toni Adamsın missiyası hamıya bəllidi. Rəhbərlik cari çempionatda ondan nəticə tələb etməyəcək. Klubun prezidenti Tale Heydərov ingiltərəli mütəxəssislə uzun müddət işbirliyində olmağı düşür. Adams özü getmək istəməsə, onun ən azı növbəti mövsümün sonuna kimi "Qəbələ"nin "sükanı arxasında" olacağını əminliklə söyləyə bilərik.

Bakı. Paytaxt klubunun rəhbərliyi günü bu gün Vinfred Şaferi istefaya göndərsə, buna heç kim təəcüblənməz. Çünki "Bakı" almanın rəhbərliyi altında olduqca bərbad çıxış edir. Doğrudur, uğursuzluğu yalnız baş məşqçi amili ilə əlaqələndirmək olmaz. Çünki ictimaiyyətə bəlli olmayan başqa məsələlər də var. Amma hamının dəqiq bildiyi odu ki, Şafer "Bakı"nı böhrandan çıxaracaq adam deyil. Bu günə kimi bunu bacarmadı, bundan sonra da bacarmaz. Klub prezidenti Hafiz Məmmədov qulaqburması verəndən-verən komanda qələbə qazanırsa, başqa sözə gərək yoxdu: vaxt itirmədən Şaferi qovun, getsin!

Gəncə. Fuad İsmayılovun işi çox çətindi və bunu özü də gözəl bilir. Əgər "Gəncə" "İnter"lə oyunda hesabda irəli olduğu halda bəzi azarkeşlər "istefa" qışqırırsa, başqa sözə gərək yoxdu. Fuad bəy hazırda baş məşqçi postunda ona görə əyləşib ki, qazanılan nəticələr rəhbərliyi razı salır. Çünki debütant qarşısına qoyduğu ilk məqsədə demək olar ki, çatıb. Hər halda, "Gəncə" mövsümün sonunda I diviziona düşsə, bu, möcüzə olar. "Gəncə"nin elitadakı mövqeyini qorumaq baxımından problem olmasa da, eyni sözləri İsmayılovun gələcək taleyi barəsində demək olmaz. Onun "torbasını tikənlər"in istəklərinə çatması üçün "Gəncə"nin 3-4 oyun ard-arda məğlub olması yetərlidi.

Muğan. Salyan təmsilçisi geridə qalan 19 turdan sonra baş məşqçisini dəyişən iki kollektivdən biridi. XIII turda "Muğan"ın doğma meydanda "Neftçi"yə uduzduğu oyun Almir Hurtiç üçün sonuncu oldu. Hazırda komandaya bosniyalı çalışdırıcının köməkçisi Bəhman Həsənov rəhbərlik edir və onun dönəmində komanda normal çıxış etməyə başlayıb. Həsənov komandanın "sükanı arxasına" keçəndən sonra "Muğan" keçirdiyi 6 oyundan 3-də qalib gəlib. Özü də bu qələbələrdən ikisi "İnter" və AZAL kimi güclü rəqiblər üzərində qazanılıb. Bildiyimizə görə, rəhbərlik ən azı mövsümün sonuna kimi Həsənovla yoluna davam edəcək. Hadisələrin inkişafı isə "Muğan"ın Premyer Liqada qalıb-qalmayacağından asılıdı.

Turan. Mövsümə Sakit Alıyevlə başlayan Tovuz təmsilçisi VII turdan etibarən Revaz Dzodzuaşvilinin rəhbərliyi altında oynamağa başladı. Amma onun da baş məşqçi postundakı ömrü uzun olmadı. Sonuncu turdan sonra bəlli oldu ki, "Turan"da 3-cü dəfə Naci Şensoy dönəmi başladı. Gürcü mütəxəssis isə "Turan"a ilk gəldiyində olduğu kimi yenə məsləhtçi kimi fəaliyyət göstərəcək.

Simurq. Son iki pillədə qərarlaşan komandaların durumu elədi ki, onlara Joze Mourinyo da rəhbərlik etsə də, xeyri yoxdu. Çünki heyətləri olduqca zəifdi və həmin futbolçularla elitada qalmaq çətin məsələdi. Açığı, Qyoko Hacievski kimi bir mütəxəssisin "Simurq"da illərlə qazandığı imicini havaya sovurmasını heç cür anlaya bilmirik. Makedoniyalı mütəxəssis özü istefa versə, yaxşıdı. Çünki "Simurq"un ömrü elə də uzun olmayacaq.

MOİK. Hacıyevskinin bacarmadığını Ramil Əliyev "Gəncə"yə 0:5 hesablı məğlubiyyətdən sonra etməyə özündə cəsarət tapdı. Baxmayaraq ki, elita klublarını çalışdıran məşqçilər arasında hamıdan çox onun işə, çörəkpuluna ehtiyacı var. Lakin rəhbərlik işsiz qalmağı gülünc vəziyyətinə düşməkdən üstün sayan Əliyevin istefasını qəbul etmədi.
MOİK-in sonu hamıya bəllidi. "Hərbçilər" mövsümün sonunda Premyer Liqanı tərk edəcək iki komandadan biri olacaq. Bundan sonrası isə hələ bəlli deyil: MOİK yaşıyacaq, yoxsa tarixin yaddaşına köçəcək?

ŞAMO, “Ekspressfutbol” qəzeti