“Yəqin, Georgi Hacının Azərbaycanda maraqlandığı şeylər var”
29.12.2010 - 13:21
“Yəqin, Georgi Hacının Azərbaycanda maraqlandığı şeylər var”
“Qalatasaray”ın düşərgəsinə getməyim faydalı olacaq. Türkiyəyə səfərim həm istirahət, həm də təcrübə xarakteri daşıyacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

“Qalatasaray”ın idman direktoru Adnan Sezginin adından “Neftçi”yə daxil olan məktubda 40 yaşlı çalışdırıcıya rəsmi dəvət göndərilib. Gələn ilin yanvarın 4-7-dək “Qalatasaray”ın düşərgəsində olacaq Əsədov Antalyadakı təlim-məşq toplanışında iştirak edəcək, hazırlıqlar izləyib, məşqçilər korpusu ilə görüşlər keçirəcək.

Əsədov bildirib ki, Türkiyəyə yanvarın 2-də yollanacaq: “3 gün “Qalatasaray”ın məşqində iştirak edəcəyəm. Bu, yanvarın 4, 5 və 6-da olacaq, bir gün isə Bakıya qayıdacağam. Bundan 3 gün sonra isə “Neftçi” ilə birgə Antalyaya təlim-məşq toplanışına yollanacağıq. “Qalatasaray”ın qalacağı məkanla məskunlaşacağımız “Titanik” oteli yaxındır. Fürsətdən yararlanıb, Antalyada qalacağımız yerə də baxacağam”.

Baş məşqçi “Qalatasaray”da keçmiş köməkçisi Covanni Melkiorre ilə görüşmək imkanı qazanacaq. Fiziki hazırlıq üzrə çalışan italiyalı 2 ay öncə rumıniyalı Georgi Hacının “Cim Bom”un sükanı arxasına qayıdışından sonra onun dəvətini qəbul etdi: “Orada “Qalatasaray”ın məşqçiləri, o cümlədən birgə çalışdığım Melkiorre ilə görüşəcəyəm. Yəqin ki, Hacının Azərbaycan futbolu ilə bağlı maraqlandığı şeylər var. Bu baxımdan səfər həm təcrübə, həm də fikir mübadiləsi baxımından əhəmiyyətlidir. Bildiyiniz kimi, “Qalatasaray” bizimlə əməkdaşlıq çərçivəsində yoldaşlıq görüşü keçirməyi təklif etmişdi. Ancaq bu, hazırlıq planlarımıza uyğun gəlmədiyindən alınmadı. Gələcəkdə hər şey ola bilər. “Qalatasaray”da olduğum zamanı oyunun tarixini danışmağım mümkündür. Əsas bunun türklərin hazırlıq planlarına uyğun gəlməsidir. Gələcəkdə fasilə zamanı imkan olarsa, yoldaşlıq görüşünü keçirmək istərdik”.

Mehman SÜLEYMANOV