Kənan Kərimov qayıtdı
29.12.2010 - 14:06
Kənan Kərimov qayıtdı
“3-4 gündən sonra məşqlərə başlamalıyam. İnşallah, ağrılarım olmamalıdır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun sabiq hücumçusu Kənan Kərimov deyib.

Yayda Gəncə təmsilçisi ilə anlaşan, amma 3-4 oyundan sonra komandadan ayrılan və zədəsini sağaltmağa çalışan futbolçu karyerasını davam etdirmək niyyətindədir. Artıq həkimlər ona məşq edə biləcəyini deyiblər: “Ukraynaya getmişdim. Həkimlər müayinə etdilər və xüsusi proqram tətbiq etdilər. Bu proqram əsasında çalışacağam. Problem olmasa, yenidən Premyer Liqada çıxış edəcəyəm”.

Hələlik ad açıqlamayan Kərimov xidmətində maraqlı olan klubların olduğunu bildirib: “Əlbəttə, karyeramı davam etdirmək istəyirəm. Problem olmasa, maraqlanan bir neçə komanda var, biri ilə anlaşacağam”.

Hücumçu hansısa komandaya keçəsi olsa, “Gəncə” rəhbərliyi ilə görüşməli olacaq. Çünki transfer vərəqi özündə deyil: “Transfer vərəqim “Gəncə”dədir. Hansısa komandaya keçəsi olsam, danışıb, razılaşacağıq. Problem olmayacaq. İndi əsas odur ki, ayağımda ağrılar olmasın”.