Ən məşhur “Dovşanlar”: Messi, Bekhem, Mourinyo və bizimkilər
30.12.2010 - 12:00
Ən məşhur “Dovşanlar”: Messi, Bekhem, Mourinyo və bizimkilər
Lionel Messi... Göstərdiyi oyunla uşaqdan böyüyədək hamının ürəyinə yol tapan bu argentinalı gənc yaşında çox uğurlar qazanıb. “Barselona” ilə 4 dəfə İspaniya çempionu və Superkuboku, 2 dəfə Çempionlar Liqasının (ÇL) qalibi, 1 dəfə UEFA Superkuboku, klublararası dünya çempionu və nəhayət, ötən il dünyanın və Avropanın ən yaxşı futbolçusu. Bunları və sadalamadığımız digər nailiyyətləri Messi cəmi 23 yaşında qazanıb. Ancaq onun kolleksiyasında çatışmayan mükafatlar da var. Bunlar milli komanda ilə həsrətində olduğu uğurlardır.

Düzdür, Lionel U-20-lər arasında dünya çempionu (2005-ci il) və yığmanın heyətində 2008-ci ildə Pekin Olimpiadasının qalibi olub. Ancaq milli komandada ən böyük dünya çempionu sayılır ki, Lionel heç Amerika kubokunun da qalibi olmayıb. Onun Santa-Klausdan Yeni il arzusu da gələn il vətənində keçiriləcək Amerika kubokunu qazanmağı olub. Messi özü də etiraf edir ki, nəhayət, yığmada ilk uğurunu əldə etmək istəyib.

Gələn il Lionelin arzusu çin olarsa, bu, ona ikiqat sevinc bəxş edəcək. Axı argentinalı ulduz Dovşan ilində doğulduğundan (24 iyun 1987-ci il), 2011 onun ilidir. Əvvəlki Dovşan ilində, yəni 1999-cu ildə tanınmayan Messinin cəmi 12 yaşı vardı və Argentinanın “Nyuells Old Boys” klubunun yeniyetmələrdən ibarət komandasının oyunçusu idi. Onun “Barselona”dakı komanda yoldaşlarından “dovşan”lar var. Yəni yayda İspaniya yığmasının heyətində dünya çempionu olan Xerard Pike, Pedro, habelə London “Arsenal”ının kapitanı Sesk Fabreqas onun kimi 1987-ci il təvəllüdlüdür. Lionelin yığmada birgə oynadığı tanınmış Xuan Veron da “Dovşan ili”ndə anadan olsa da, 1975-ci il təvəllüdlüdür.

Dünyada tanınmış futbolçular digər məşhur “Dovşan” kimi 1975-ci il təvəllüdlü Devid Bekhemi göstərmək olar. Karyerasının ən uğurlu vaxtını “Mançester Yunayted”də keçirən, onun Çempionlar Liqası daxil olmaqla çoxsaylı uğurlar qazanan yarımmüdafiəçi klubun əfsanələrindən sayılır. Ancaq Bekhem kimi Messi də dünya çempionu ola bilməyib. Düzdür, Lionel hələ 23 yaşı var və onun karyerası qabaqda olduğundan, bu şansa malikdir. Bekhemin isə gələn il 36 yaşı tamam olacaq və karyerasının qürub çağında olan futbolçu yığmaya çağırılmır, özünə hələ klub tapa bilməyib.

Futboldan danışırıqsa, məşqçilərdən söz salmasaq, düzgün çıxmaz. Onlar arasında ən məşhur “Dovşan” hazırda dünyanın ən güclü məşqçisi sayılan Madrid “Real”ının çalışdırıcısı Joze Morinyodur. Futbolçu olmayan, ilk addımlarını “Barselona”da baş məşqçilər – əvvəl ingilis Bobbi Robson, daha sonra hollandiyalı Lui van Qalın tərcüməçisi kimi başlayan portuqaliyalı “Gör-götür dünyası”nın ən yaxşı sakinlərindən olduğunu sübut edib. 2002-ci ildə “Portu” klubundan uğurları ilə tanınan Mourinyo, cəmi 2 il sonra London “Çelsi”sinə dəvət olunur.

Düzdür, “Porto” və “İnter”dən fərqli, “Çelsi” ilə ÇL-i qazanmasa da, bu komandanı dirçəltdiyi şəksizdir. Təsadüfi deyil ki, londonlular uzun fasilədən sonra məhz Mourinyonun vaxtında ölkə çempionu oldular. 3 klubla çoxsaylı titullar qazanan 1963-cü il təvəllüdlü çalışdırıcı öz hərəkətləri, emosionallığı, “tikanlı” açıqlamaları ilə də tanınır.

Dovşan ilində doğulanlardan söhbət düşdüsə, özümüzünkülərə də qısa nəzər salaq. Karyerası bitənlər arasında ən məşhur “Dovşan” kimi Nazim Əliyevi qeyd etmək olar. Ən azı ona görə, 1963-cü ildə doğulan veteran hücumçumuz milli çempionatlarımız tarixində vurduğu 183 qolla bombardir adını hələ uzun müddət rekordçu adını qoruyacaq. Hazırda oynayanlardan isə millimizin üzvləri – müdafiəçi Ruslan Abışovla hücumçu Vüqar Nadirov Dovşan ilində dünyaya gəlib. Onların hər ikisi 1987-ci ildə anadan olublar.

Mehman SÜLEYMANOV