Milli komandamızın futbolçuları Dubaya istirahətə yollandı
30.12.2010 - 15:41
Milli komandamızın futbolçuları Dubaya istirahətə yollandı
Azərbaycan yığmasının 5 futbolçusu Birləşmiş Ərəb Əmiliklərinə yollanıb. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvləri Ruslan Abışovla Cavid Hüseynov, gənclər yığmamızın oyunçuları Şəhriyar Rəhimov, Tural Nərimanov və Eşqin Quliyev Ərəbistan yarımadasında istirahət edirlər.

Onlar dünyanın ən gözəl şəhərlərindən sayılan, havası və şəraiti ilə istirahət üçün ən münasib məkanlardan olan Dubayda dincəlirlər. Çempionatımızda yaranan fasilədən istifadə edən futbolçularımız bir neçə günlüyə ölkədən kənara çıxıblar. Ancaq onlar istənilən halda, yeni ili vətəndə ailələrinin əhatəsində keçirəcəklər.

Ötən ilin dekabrında millimizin digər futbolçuları Vaqif Cavadovla Maksim Medvedev Dubayda istirahət etmişdilər. Onlar və Ruslanla Cavid yanvarın 27-də Dubaya bu dəfə millimizin heyətində 14 günlük təlim-məşq toplanışına yollanacaqlar.

Qeyd edək ki, Ruslan, Cavid, Tural və Eşqin “Neftçi”nin, Şəhriyar “İnter”in futbolçusudur. Flaqman Quliyevi transferə çıxarsa da, müqavilə ilə hələ ki onun üzvüdür.