Mahir Şükürov: Orda gözəl qızlar var...
01.01.2011 - 00:01
Mahir Şükürov: Orda gözəl qızlar var...
Azərbaycan yığmasının və Rusiyanın “Anji” klubunun müdafiəçisi Mahir Şükürovun apasport.az saytına müsahibəsi

- Başa çatan 2010-cu ili necə xarakterizə edirsiniz?
- Məncə, yaddaqalan il oldu. Hər şeydən əvvəl, karyeramda ikinci dəfə legioner həyatı yaşadım. İndi Rusiya Premyer Liqasında çıxış edirəm. Digər yandan, milli ilə tarixi qələbə qazandıq. Türkiyə yığmasını udmağımız 2010-cu ilin yaddaqalan hadisələrindən oldu.

- Yaxşı hadisələrlə yanaşı, yəqin ki, xatırlamaq istəmədiklərin də oldu...
- Təbii ki. Məsələn, Almaniyada acı məğlubiyyətə uğradıq. Bununla belə, bunları unudub, irəliyə baxmaq lazımdır.

- Qorxmursunuz ki, Türkiyə yığması üzərində qazanılan qələbə futbolçularda eyforiya yarada bilər?
- Hər bir futbolçunun öz düşüncəsi, hadisələri analiz etmək qabiliyyəti var. Konkret özüm haqda onu deyə bilərəm ki, heç vaxt eyforiyaya qapılmamışam, bundan sonra da qapılmaram.

- Şəxsi həyatınızda heç bir yenilik yoxdur?
- Yenilik deyəndə, düşünə bilmirdim ki, evdən kənarda qala bilərəm. Artıq bir ilə yaxındır Azərbaycandan kənarda oynayır və yaşayıram.

- AFFA milli komandanın heyətində ən çox oyun keçirən futbolçu kimi sizə mükafat verdi. Ancaq bu mətbuatda müxtəlif cür yozuldu...
- Əgər AFFA rəhbərliyi bu mükafatı mənə veribsə, ondan imtina edə bilmərəm. Həm də assosiasiya rəhbərliyi futbolçuların zəhmətini düzgün qiymətləndirməyə çalışır. Bəzi jurnalistlər isə problem yaratmaq istəyir. Ancaq mən meydanda canımı qoymuşam. Verilən mükafatı normal qarşılayıram. Bu tək mənim yox, yığmanın bütün futbolçularının uğurudur.

- Sizin ötən il mükafatsız qaldığınıza görə, küsdüyünüzü deyirlər. Ümumiyyətlə, həyatda da küsəyən insansınız?
- Xətrimə dəyən olursa, inciyirəm. Ancaq bu uzun çəkmir. 1-2 saatdan sonra hər şey yaddan çıxır. Səhv etdiyimi görürəm.

- Səhvlərinizdən nəticə çıxarmağa çalışırsınız?
- Bəli.

- Elə vaxt olubmu ki, kiminləsə qalmaqalınız olsun və ümumiyyətlə, bir-birinizi danışdırmayasınız?
- Olub, amma uşaqlıqda. İnsan yaşlandıqca, bunları yaddan çıxarır.

- Yaddan çıxara bilmədiyiniz səhviniz olubmu?
- Olub. “Antalyaspor”a transfer olunan zaman tez geri döndüm. Qala bilmədim, evdəkilər üçün darıxdım. Halbuki orda qalsaydım sonrası daha yaxşı olacaqdı. Bu səhvi təkrarlamaq istəməzdim.

- Mahaçqalada özünüzü rahat hiss edirsinizmi?
- Hər şey yaxşıdır. Ən əsası isə evə daha yaxındır.

- Yəqin ki, uyğunlaşmaqda çətinlik çəkmədiniz...
- Onlar da müsəlmandırlar. Adət-ənənələr bir-birinə yaxındır.

- Yaşadığın bölgə daha çox kriminal hadisələrlə yadda qalıb. Demək olar, hər gün partlayışlar, güllə səsləri və s. Bunlar sizi qorxuzmur?
- Çox çətindir. Küçə ilə gedəndə və ya evdə oturan zaman güllə səsləri eşidirsən, təcili-tibbi yardım maşınının harasa yetişməyə çalışdığını görürsən. Hardasa öyrəşmişəm. Ancaq qorxmuram. Evdə olan vaxt bayıra çıxmıram. Futbolçu üçün daha çətindir. Səbəbinə gəldikdə, düşünə bilərlər ki, maaş alıb, pulu var və nəsə xətər yetirməyə çalışarlar. Ona görə də məşqə, məşqdən isə evə gedirəm.

- Yaşadığınız evdə pul saxlayırsınız?
- Ancaq gündəlik xərclərimi ödəyəcək məbləğdə. Artıq pulumu bankla evə göndərirəm. Bayaq dediyim kimi, hər şey ola bilər.

- Heç oyun vaxtı stadiona partlayıcının qoyulması ilə bağlı anons verilibmi?
- Belə şey olmayıb. Başqa heç nə haqda düşünmür, kənarda nə danışıldığını eşitmirik.

- Adətən bizdə Rusiya adı çəkiləndə tez gözlər önündə yaraşıqlı xanımlar canlanır. Siz də bu cür düşünürsünüz?
- Həqiqətən də orda gözəl qızlar var. Bunu tək mən yox, orda yaşayanlar da deyirlər. Ancaq başqa şeylər haqda düşünmürəm.

- Gözəl qızları ancaq seyr edirsiniz?
- Münasibət qurduğum qız yoxdur. Evdən bayıra çıxmıram. Həm də Bakıda istədiyim qız var, ona xəyanət etmək istəmirəm.

- Bəs evdə olanda vaxtınızı necə keçirirsiniz?
- Saat 12-də bazada oluruq. Evə isə ən yaxşı halda axşam saat 9-da qayıdırıq. Yəni elə vaxt dönürəm ki, gec olur.

- Avropa ölkələrində qızla oğlan bir-birilərini tanımaq üçün evlənmədən belə bir yerdə yaşayırlar. Buna münasibətiniz necədir?
- Əvvəlki vaxtlarda buna pis baxırdılar. İndi dövr dəyişib. Əgər həqiqətən də hər ikisinin məqsədi ciddidirsə, bir-birini tanımaq istəyirlərsə, niyə də olmasın. Normal qarşılayıram.

- Sevdiyiniz xanımla bir-birinizi kifayət qədər yaxşı tanıya bilmisinizmi?
- Bəli, 4-5 ildir bir yerdəyik. Heç bir problem yoxdur.

- Necə düşünürsünüz, bu qədər zaman çox deyil?
- Əksinə, bəzən elə adamlar olur ki, heç ömrün boyu onu tanıya bilmirsən. Yəni gərək yaxşı tanıyasan ki, sabah da ailə quranda sona qədər davam etsin. Buna görə də, evlənməyə hələ tələsmirəm.

- 2011-ci ildə toy olmayacaq?
- Hələ yox. Çünki legioner həyatı yaşayıram.

- Aranızda qısqanclıq varmı?
- Əlbəttə, xüsusilə də hansısa verilişə dəvət alanda. Rusiyada oynadığıma görə də müəyyən qədər qısqanır. Amma orda qalmağım futbol həyatımla bağlı olduğuna görə, qarışmır.

- 2011-ci il dovşan ilidir. Dovşan isə qorxaqlıq rəmzidir. Yeni ildən nə gözləyirsiniz?
- Kimin qismətində nə yazılıbsa, o da başına gələcək. Yeni ilin futbol ictimaiyyətinə və milli komandamıza düşərli olmasını arzulayıram.

- Ən böyük arzunuz nədir?
- Hələ çempionluq sevinci yaşamamışam. Çempion olmaq istəyirəm.