Amit Quluzadə “Fənərbaxça”nın məşqlərinə qatılmayacaq
31.12.2010 - 14:17
Amit Quluzadə “Fənərbaxça”nın məşqlərinə qatılmayacaq
“Səhər tezdən İstanbula gedəcəyəm. Orda onlara danışacağam”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun yarımmüdafiəçisi Amit Quluzadə deyib.

Ötən həftə Türkiyənin məşhur “Fənərbaxça” klubundan transfer təklifi alan yarımmüdafiəçi bunu dəyərləndirmək niyyətindədir. Sabah bu məqsədlə Türkiyəyə yollanacaq millinin üzvü dəvətdən məmnun olduğunu ifadə edib: “Fəxr edirəm ki, belə bir güclü klubdan təklif almışam. Orda oynamaq hər bir futbolçunun arzusudur. Öz aramızda razılıq əldə olunsa, məsələ klub rəhbərləri səviyyəsində davam etdiriləcək”.

Bu arada yanvarın 2-də “Fənərbaxça” təlim-məşq toplanışına start verəcək. “Sarı-lacivertlilər”də həmyerlimizin toplanışa qatılmasında maraqlıdır. Ancaq zədə üzündən ilin son oyunlarında iştirak edə bilməyən Quluzadənin buna hazır olub-olmaması maraqlıdır.

Məsələ barədə danışan Amit məşq prosesinə qatılmayacağını deyib: “İki-üç gündür məşqlərə başlamışam. Fərdi şəkildə qaçıram. Ancaq Türkiyədə məşq etməyəcəm. Sadəcə, transfer təklifi ilə bağlı danışıqlar aparmağa gedirik. Razılıq əldə olunsa, klub rəhbərləri görüşəcəklər. Yenə deyirəm, yanvarın 2-də başlayacaq toplanışda iştirak etməyəcəm”.