Ramiz Məmmədov Qazaxıstan klubunda!
02.01.2011 - 17:33
Ramiz Məmmədov Qazaxıstan klubunda!
“Qəbələ” klubunun sabiq baş məşqçisi Ramiz Məmmədov özünə yeni komanda tapıb. Apasport.az saytının xəbərinə görə, gənc çalışdırıcı bundan sonra ölkə xaricində fəaliyyət göstərəcək.

Belə ki, həmyerlimiz Qazaxıstan Superliqasında mübarizə aparan “Atırau” klubunun baş məşqçisi olacaq. Tərəflər arasında yanvarın 4-də rəsmi müqavilə bağlanacaq.

Məmmədov apasport.az saytına verdiyi açıqlamada xəbəri təsdiqləyib. O bildirib ki, “Atırau” ilə 1+1 il şərti ilə müqavilə bağlayacaq. Özü ilə Qazaxıstana 2 köməkçi də aparacaq Məmmədov 4 ilədək çalışdığı “Qəbələ” klubu rəhbərliyinə təşəkkür də edib: “Öncə “Qəbələ” rəhbərliyinə, klubun prezidenti Tale Heydərova minnətdarlıq edirəm. Bu komandada çalışdığım müddətdə mənə hər cür şərait yaradılıb. Mənə hər cür yaxşılıq ediblər. Bu səbəbdən təklifdən sonra onların xeyir-duasını, halallığını aldım. Qazaxıstanda çalışmağıma da müsbət yanaşdılar”.

Az öncə Pro kateqoriyası alan 43 yaşlı çalışdırıcı bildirib ki, başqa klublardan da təklif alıbmış: “Ancaq daha əlverişlisi “Atırau” oldu. Buna görə də, bu varianta üstünlük verdim”.

Qeyd edək ki, ötən il keçirilən sorğuların birində Azərbaycanın ən yaxşı məşqçisi seçilən Məmmədovun yeni komandası hazırda Superliqada 7-ci pillədədir. 12 klubun yarışdığı çempionatda “Atırau” 32 oyundan 44 xal toplayıb. Komanda bu oyunların 13-də qələbə qazanıb, 14-də uduzub, 5 dəfə isə meydanı heç-heçə ilə tərk edib.