Ramiz Məmmədov Olimpiya çempionundan üstün tutuldu
04.01.2011 - 15:55
Ramiz Məmmədov Olimpiya çempionundan üstün tutuldu
Azərbaycanlı məşqçi Ramiz Məmmədov qazaxıstanlı həmkarı Yevgeni Yarovenkodan üstün tutulub. Apasport.az saytının məlumatına görə, Qazaxıstan “Atırau” klubunun rəhbərliyi yeni baş məşqçi ilə bağlı seçim edərkən, 43 yaşlı həmyerlimizi 1988-ci ildə Seul Olimpiadasının qalibi olan Yarovenkodan üstün sayıb. Həmyerlimiz İqor Ponomaryovla birgə SSRİ yığmasının heyətində olimpiya çempionu olan 49 yaşlı qazax ölkəsinin 50 ildə (1954-2003) ən dahi futbolçusu kimi UEFA-nın yubiley mükafatına layiq görülüb.

Qazax həmkarımıza inansaq, “Atırau”nun baş məşqçi postuna 3 namizədi olub. Bunlar Məmmədov və Yarovenko ilə yanaşı, adı açıqlanmayan türk məşqçi idi. Yarovenko Qazaxıstana dönməyə hazır imiş: “Əgər konkret vəzifə, xidmətində maraqlı olan olarsa, hazıram”.

Klub rəhbərliyi sonda “Qəbələ”nin sabiq çalışdırıcısı üzərində dayanıb. 2006-cı ilin payızından ötən mövsüm bitənə kimi qəbələlilərin baş məşqçisi olan Məmmədov postunu məşhur ingilis həmkarı Toni Adamsa verib. Bundan sonra Almaniyanın “Bavariya” klubunda hollandiyalı baş məşqçi Lui van Qalın yanında təcrübə keçən həmyerlimiz ötən ilin sonunda Ukraynada məşqçilikdə ən yüksək kateqoriya olan “PRO”nu alıb.

Qeyd edək ki, SSRİ dövründə “Kayrat”ın heyətində “Neftçi”yə qarşı oynamış Yarovenkonun son iş yeri vətənində 2006-cı ildə “Yesıl-Boqatır” klubu, növbəti il qısa müddətdə gənclər yığmasının baş məşqçi postu olub. O, futbolçu karyerası zamanı “Dnepr”lə SSRİ kubokunun qalibi (1989) və 1987-ci ildə SSRİ-nin 33 ən yaxşı futbolçusu arasında “1 nömrə” olub.