Vəli Qasımov: Nəticə olmadığı üçün başqa yol yox idi - MÜSAHİBƏ
05.01.2011 - 11:15
Vəli Qasımov: Nəticə olmadığı üçün başqa yol yox idi - MÜSAHİBƏ
Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIII beynəlxalq turnirdə Azərbaycanı təmsil edən 19 yaşlılardan ibarət yığmamızın baş məşqçisi Vəli Qasımov müsahibə verib. Apasport.az saytının məlumatına görə, ötən ilin sonunda bu posta təyinat alan 42 yaşlı çalışdırıcının rus həmkarlarımızın diqqət mərkəzinə düşməsi təsadüfi deyil. Axı Qasımov 1992-ci ildə Moskvanın “Dinamo” klubunun heyətində Rusiyanın ilk çempionatının 2-ci bombardiri olub. Maraqlıdır ki, rus jurnalistlər keçmiş hücumçunun karyerasının ən yaxşı illərini keçirdiyi İspaniyada qalaraq, orada yaşadığını düşünürmüş. Onlar üçün Qasımovun Azərbaycan yığmasının baş məşqçisi olması gözlənilməz olub.

- Məşqçilik stajınız nə qədərdir?
- Məşqçiliyə İspaniyada, Sevilyada başladım. B kateqoriyasını Portuqaliyada yaşayanda almışdım. Öncə 12 yaşlı futbolçuları hazırlaşdırdım, sonradan 18 yaşlılardan ibarət komandaya rəhbərlik etdim. Futbolçu karyeramı bitirdikdən sonra zədədən sonra uyğunlaşmağa vaxt getdi. Sonradan veteranlarda oynadım və nəhayət, məşqçiliyə keçməyə qərar verdim.

- İndi yeniyetmələrdən ibarət yığmanı çalışdırır və əsas komandada Berti Foqtsa kömək edirsiniz. Necə oldu ki, bu iki vəzifəni bir araya sığışdırdınız?
- Əsas yığmaya məni Berti Foqtsun özü dəvət etdi. Onun həmyerlisi olan bir köməkçisi vardı, ancaq korpusunda yerli məşqçinin də olmasını istəyirdi. Həmin vaxt artıq İspaniyadan Azərbaycana qayıtmışdım. Bakının “Neftçi” klubu məni idman direktoru postuna dəvət etdi. Orada 1 ilə yaxın işlədim. “Neftçi”dən sonra federasiya məni seleksiya şöbəsinə dəvət etdi. Bundan sonra Foqtsdan birgə işləməklə bağlı təklif gəldi. Yaxında isə yeniyetmələr yığmasından dəvət aldım.

- 1993-cü il təvəllüdlülərdən ibarət komandanın perspektivi necədir? Ümumiyyətlə, Azərbaycanda uşaq-yeniyetmə futbolunda işlər necədir?
- Təəssüf ki, çempionatımız istədiyimiz kimi elə də güclü deyil. İndi federasiya futbolun inkişafı ilə bağlı ciddi məşğuldur. Bu, uşaq-yeniyetmə komandalardan başlayır, axı onlar gələcəyimizdir. Çoxlu problemləri həll etmək lazımdır. O cümlədən gənclər və yeniyetmələr yığmasında bütün məşqçiləri dəyişməyi qərara alındı. Nəticə olmadığı üçün başqa yol yox idi.

- Yığmanızda Peterburq futbolunun 4 yetirməsi oynayır. Siz bunun federasiyanın seleksiyasının bəhrəsi olduğunu qeyd etmisiniz...
- Bəli, federasiya oyunçuların seleksiyası ilə ciddi məşğuldur. Bu, təkcə Peterburq və Rusiyaya aid deyil. Biz ölkədən kənarda yaşayan bütün azərbaycanlı futbolçuları axtarırıq. Əgər onlar Azərbaycan yığmasında oynamaq istəyirsə, baxışa dəvət edirik. Oyun xüsusiyyətlərinə görə uyğun gələnləri saxlayacağıq. Peterburq futbolunun 4 yetirməsi xoşumuza gəldi.

- Legionerlər və yerli məktəblərin yetirmələrinin hazırlığında hansısa fərq hiss olunur?
- Prinsipcə, fərq var. Azərbaycanda futbolçularda daha çox texnika üzərində çalışırlar. Əvəzində Rusiyadakı futbolçular fiziki cəhətdən əhəmiyyətli dərəcədə güclüdürlər.

- Siz artıq Qranatkin turnirində bir oyun keçirmisiniz. Turnirin təşkilatçılığı, ümumi atmosfer haqda təəssüratlarını bölüşərdiniz?
- Mən bu turnirlə çox gözəl tanışam, çünki bu yarışda oynamışam. Düzdür, bunun nə vaxt olduğu artıq yadımda deyil (gülür). O qədər vaxt keçib ki. Sözsüz, turnir çox faydalıdır. Açığı, yeniyetmə yığmalar üçün yaxşı turnir tapmaq elə də asan deyil. Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirin təşkilatçılığı və rəqiblərin səviyyəsi çox xoşuma gəlir. Bu, bizim Avropa çempionatının seçmə mərhələsinə hazırlıq mərhələsidir. Hərçənd, turnir üçün elə də yaxşı hazır deyilik. Təəssüf ki, vaxtımız az oldu - cəmi 2 həftə, onda daha çox seleksiyaya üstünlük verdik. Ancaq Sankt-Peterburqda layiqli çıxış etməyə çalışacağıq.

- Siz Azərbaycan futbolçuları arasında xaricdə uğurlu oynayan nadir nümunəsiniz. İndiki nəsildən yada düşən Türkiyədə az oynayan Rəşad Sadıqovla Hollandiyada möhkəmlənə bilməyən Vaqif Cavadov yada düşür. Niyə Azərbaycanda güclü legionerlər yoxdur?
- Çox təəssüf ki, bu, belədir. Bizdə xarici güclü klublarda sabit oynayan futbolçular yoxdur. Yenə də hər şey çempionatımızın səviyyəsinin yüksək olmamağından irəli gəlir. Orada futbolçuların böyüməsi, inkişafı çətindir. Klublarımız da avrokuboklarda elə də yaxşı oynamırlar. Ona görə də Avropada futbolçuların axtarışı ilə aktiv məşğuluq. Milli komandanı daha güclü və rəqabətə davamlı etmək istəyirik.

- Rusiya futbolu haqda nə düşünürsünüz: inkişaf edir, yoxsa yerində dayanır?
- Fikrimcə, Rusiya futbolu həmişə yetərincə güclü olub. Bu, indi də belədir. Rusiya yığması dünya çempionatı Sloveniyaya pley-off oyunlarında uduzaraq, dünya çempionatına çıxa bilmədi. Ancaq hesab edirəm ki, onun sadəcə, bəxti gətirmədi. Komanda yaxşı oynayırdı. Rusiyada klub çempionatı da güclüdür. Komandalarınız avrokuboklarda inamlı oyun göstərir.

- Məşqçilik iddianız nədir? Gələcəkdə Azərbaycan yığmasına, yoxsa hansısa Premyer Liqa komandasına rəhbərlik etməyi arzulayırsınız?
- Mən qarşıma yüksək məqsədlər qoyuram. Necə ki vaxtilə meydana çıxanda da belə edirdim. İşimdə maksimum əldə etməyə can atıram. Futbolçu olanda ən yaxşı klublarda oynamağı arzulayırdım. Təəssüf ki, hər şey istədiyimiz kimi alınmadı. Buna zədə də təsir etdi. İndi məşqçi kimi irəli getməyə çalışıram. Açığı, gələcəkdə Rusiya Premyer Liqasında böyük məmnuniyyətlə işləyərdim.