Çezinya və Qriqori hələ baxışa gəlir
05.01.2011 - 13:19
Çezinya və Qriqori hələ baxışa gəlir
“Xəzər Lənkəran” qış fasiləsində ilk transferlərini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, Rumıniya mətbuatı Buxarestin “Rapid” komandasında oynayan Karlos Çezinya və Stefan Qreqori ilə bağlı danışıqların artıq yekunlaşdığını iddia edir.

Həmkarlarımıza inansaq, lənkəranlıların baş məşqçi Mirça Redniklə “Rapid” rəhbərliyi hər 2 futbolçunun icarəyə götürülməsini razılaşdırıblar. Razılığa əsasən, bu oyunçular 6 ay “ağ-yaşıllar”ın şərəfini qoruyacaq və bundan sonra cənublular onların hər ikisini almaq hüququna malik olacaq.

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov isə məsələyə münasibət bildirərək, onların komandaya Türkiyədə qoşulacağını qeyd edib: “Heç kimlə müqavilə bağlanmayıb. Çezinya və Qriqori Antalya toplanışında komandamıza qoşulacaq. Lakin onların komandada qalıb-qalmayacağına biz qərar verəcəyik. Baxışda özlərini göstərə bilsələr, “Xəzər Lənkəran”da qalmaları mümkündür”.