“Bakı”nın təklifi cəlbedici və maraqlıdır”
06.01.2011 - 14:00
“Bakı”nın təklifi cəlbedici və maraqlıdır”
“Bakı” klubunun baş məşqçi postuna gətirmək istədiyi Latviya yığmasının çalışdırıcısı Aleksandr Starkovun apasport.az saytına eksklüziv müsahibəsi

- “Bakı” sizi baş məşqçi postuna gətirmək istəyir. Bununla əlaqədar fikirlərinizi öyrənmək maraqlı olardı...
- Nə deyə bilərəm? Mənə maraq göstərirlər və bunu inkar etmirəm. Prinsipcə, sizə bundan artıq konkret nəsə deyə bilmərəm. Çünki məsələ hələ dəqiqləşməyib və müqavilənin detalları yalnız gələn həftə müəyyənləşəcək.

- Siz danışıqlar üçün gələn həftə Bakıya gələcəksiniz?
- Bu da müəyyənləşməlidir. Hər şey haqda yalnız gələn həftə dəqiq bir şey danışa bilərəm. Onda deyə bilərəm ki, “Bakı” ilə əməkdaşlığımız baş tutacaq, yoxsa yox. Hələlik ümumi maraq var və aramızda ilkin söhbət olub.

- “Bakı”dan sizinlə kim əlaqə saxlayıb?
- Detallara varmaq istəməzdim.

- Latviya mətbuatında yazılıb ki, Azərbaycana milli komandada köməkçiniz olan İqor Klosov və bir neçə futbolçu ilə gələcəksiniz. Hətta qeyd olunub ki, dekabrda Bakıya gəlib, yeni klubunuzla danışıqlar aparmısınız...
- Mətbuatla tanış deyiləm, bu haqda nəsə oxumamışam və şərh verə bilmərəm.

- “Bakı”nın baş məşqçisi postuna gəlməyiniz hələ ötən yay gündəmdə idi. Amma o vaxt təyinat reallaşmadı. Səbəb nə idi?
- Düz deyirsiniz. O vaxt Latviya çempionatında mövsümün ortası idi. Bu səbəbdən də təklifi qəbul etmədim.

- Siz Latviya yığması ilə yanaşı, uzun illərdir Riqanın “Skonto” klubunu çalışdırırsınız. Belə çıxır ki, “Skonto”dan ayrılırsınız...
- (gülür) Hələ yox. Hazırda “Skonto”da işləyirəm. İndi hansı məsələləri konkretləşdirməyə hazır deyiləm. “Skonto”da qalacağam, yoxsa gedəcəyəm, hələ bilinmir. Özünüz başa düşürsünüz də.

- Uzun müddətdir həm yığmada, həm də klubda çalışırsınız. “Bakı”ya gəlsəniz, paralel iki işi icra edəcəksiniz? Klub rəhbərliyi bununla razılaşacaqmı?
- Bu da danışıqlardan asılıdır və bu barədə gələn həftə dəqiq bir şey deyərəm.

- “Bakı”nın təklifi cəlbedicidir?
- Əlbəttə, həm cəlbedici, həm də maraqlıdır. Çünki Azərbaycan futbolu inkişaf edir və ölkənizdə latviyalı futbolçular oynayırlar. Onlar futbolunuz, ölkəniz, şəhəriniz və “Bakı” haqda çox yaxşı fikirlər bildirirlər. Bütün bunlar diqqətimi cəlb edir. Bundan artıq bir şey demək istəmirəm.

- Onda sualı belə qoyaq. “Bakı”nın oyunu görmüsünüz?
- Yox. Hələ detallar haqda bilgim yoxdur.

- “Altılıq” uğrunda mübarizə aparan “Bakı” qış fasiləsinə 7-ci yerdə çıxdı. Komanda ölkə kubokunun 1/4 finalına vəsiqə qazanıb...
- Bütün bunları bilirəm.

- “Bakı” həmişə çempionluq və kuboku qazanmağa iddialı olub. Mövsümün ortasında komandanın sükanı arxasına gəlib, nəticə qazanmaq sizə çətin olmayacaq?
- Mən hələ “Bakı”ya gəlməmişəm. Bu söhbəti gələn həftəyə təxirə salaq.

Mehman SÜLEYMANOV