Robertas Poşkusun “İnter”dən kənarda qalmasının səbəbi bilindi
06.01.2011 - 14:02
Robertas Poşkusun “İnter”dən kənarda qalmasının səbəbi bilindi
“İnter” klubunun litvalı futbolçusu Robertas Poşkusun “Birlik kuboku” turnirinin iştirak ərizəsindən kənarda qalmasının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, son çempionumuz oynayacağı turnirə yanvarın 3-dən Türkiyənin Antalya şəhərində hazırlaşsa da, təcrübəli hücumçu hələ də komandanın düşərgəsinə gəlməyib. Buna səbəb kimi, Poşkusun ailə problemləri göstərilir və bu üzdən hələ də vətənindədir.

Yanvarın 15-dən 23-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək “Birlik kuboku”na iştirak ərizəsini təqdim etmək üçün son vaxt dünən idi. Nəticədə “İnter” hazırlıqdan kənarda qalan, qayıdışı dəqiqləşməyən futbolçunun adını iştirak ərizəsinə daxil etməməli olub.

Halbuki, Poşkusun Rusiyada oynaması həm də ona görə diqqəti cəlb edirdi ki, o, karyerasının çox hissəsini, ən yaxşı illərini məhz bu ölkədə keçirib. Ən maraqlısı odur ki, litvalı məhz Sankt-Peterburq təmsilçisinin – 2005-08-ci illərdə “Zenit”in futbolçusu olub.

Qeyd edək ki, ardıcıl ikinci mövsümdür ölkəmizdə oynayan Robertas ötən mövsüm “İnter”in bombardiri kimi çempionluqda böyük rol oynadı. Cari mövsümdə 3 qol vuran yığma üzvü yenə ən sərrast futbolçu adını qoruyur.