“Xəzər Lənkəran” daha 3 futbolçudan imtina etdi
07.01.2011 - 11:06
“Xəzər Lənkəran” daha 3 futbolçudan imtina etdi
“Xəzər Lənkəran” klubunda “təmizləmə əməliyyatı” davam edir. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi daha 3 futbolçunu transferə çıxarıb.

Bu dəfə yerlilərə “qapını göstərən” baş məşqçi Mirça Rednik hücumçu Xaqani Məmmədov və yarımmüdafiəçilər Ramazan Abbasovla Asif Məmmədovdan imtina edib.

Ötən yay hələ sabiq baş məşqçi Ağasəlim Mircavadovun vaxtında “Xəzər Lənkəran”a cəlb edilən bu “üçlük” əsas heyətə düşə bilmədi. Daha çox ehtiyatda qalan həmin futbolçuların saxlanması məqsədəuyğun sayılmayıb.

Ramazanla Asifdən fərqli, Xaqani əvvəllər də “Xəzər Lənkəran”da oynayıb. 2004-cü ilin yayında komanda yaradılan zaman kiçik qardaşı Füzuli ilə birgə gələn Xaqani 2 il sonra, elə Mircavadovun ilk gəlişi vaxtında kənarlaşdırılmışdı.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın cari mövsümdə bunadək transferə çıxardıqları legionerlər - argentinalı Dieqo Ruiz, braziliyalı Kristian Kabral, bolqar Radomir Todorov, honduraslı Allan Lalin, latviyalı Denis Romanov, gürcü Davit İmedaşvili, rumıniyalılar Adrian Yordaşe və Konstantin Arbanas olub.